Bahadur Bilalov: “Azərbaycanın islam turizminin ən populyar istiqamətlərindən biri seçilməsinin səbəbi…”
Azərbaycan islam turizminin ən populyar istiqamətlərinin reytinqində ilk onluğa daxil olub. Azərbaycan islam turizminin ən populyar istiqamətlərinin 2018-ci ilin "Global Muslim Travel Index" reytinqində 130 ölkə arasında 10-cu yeri tutub. 2018-ci ildə müsəlman turistlər üçün ən populyar istiqamətlər Malayziya (islam ölkələri arasında) və Sinqapur (qeyri-islam ölkələri arasında) olub. Qeyd edək ki, Türkiyə dördüncü olub, 5-ci yerdə Qazaxıstan qərarlaşıb. Qonşu ölkə Gürcüstan isə 61-ci yerdədir.
Məlumat üçün bildirək ki, "Global Muslim Travel Index"i hər il sinqapurlu "Crescent Rating" reytinq agentliyi tərtib edir. Reytinq tərtib olunarkən müsəlmanların istirahəti üçün müxtəlif şəraitlər qiymətləndirilir: vizanın alınması, ibadət etmək üçün şərait, təhlükəsiz səyahət imkanı, halal məhsulların olması və keyfiyyəti otellərdə yaşayış şəraiti.
Azərbaycanın islam turizminin ən populyar istiqamət reytinqində 130 ölkə arasında 10-cu yerdə qərarlaşması sevindiricidir.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın islam turizminin ən populyar istiqamətlərindən biri seçilməsinin səbəbi ölkə başçısının tapşırığına əsasən, son zamanlar Mədəniyyət və Turizm Nazirliyinin apardığı müsbətyönümlü işlərdir: “Bəllidir, Birləşmiş Ərəb Əmirliyində adıçəkilən nazirlik tərəfindən Azərbaycan nümayəndəliyi yaradılıb. BƏƏ-də yaradılan Azərbaycan nümayəndəliyi ölkəmizin təbliği ilə məşğuldur. Bu da artıq nəticəsini göstərməyə başlayıb. Statistik rəqəmlər onu deməyə əsas verir ki, son üç ildə Azərbaycana islam ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur. Ərəb dünyasından gələn turistlərin sayı ildən-ilə artmaqda davam edir. Ötən illərlə müqayisədə islam ölkələrindən gələn turistlərin sayı 3 dəfədən çoxdur. Məlumat üçün bildirim ki, bu ilin ilk üç ayında da bu tendensiya özünü göstərib. Azərbaycanın adının ilk onluqda yer alması görülən işlərin nəticəsidir. Hesab edirəm ki, yaxın dövrdə islam ölkələrindən gələn turistlərin sayı artmaqda davam edəcək”.
Günel CƏLİLOVA