Vətənin bütövlüyü uğrunda şirin canını qurban verən Nail Dənziyev yaşasaydı, indi 44 yaşı tamam olardı. O, dağlar yurdu, ərənlər diyarı Lerik rayonunu, Mastayıl kəndində dünyaya göz açmışdı. Sağlam ailə mühitində böyüyən Nail vətənə odlu məhəbbətlə, qarı düşmənə hədsiz nifrətlə 18 yaşa çatır. 1992-ci ilin yayında Milli Ordu Sıralarına çağırılır. Könüllü olaraq say-seçmə oğlanların sırasında döyüş bölgəsinə yollanır.
Nail birinci gündən vətən qarşısında olan müqəddəs borcunu şərəflə, vicdanla yerinə yetirir. Mənəvi saflığı, xalqa, dövlətə sədaqəti əsgər yoldaşlarına nümunə olur. Döyüş yolu Ağdərənin müdafiəsi uğrunda gedən savaşla başlayır. Ölüm-dirim savaşında ölümün gözünə dik baxır, xüsusi mərdlik və qəhrəmanlıq göstərərək neçə-neçə ermənı dığasının arzusunu ürəyində qoyur.
Günlər ötdükcə Nail düşmənə daha sarsıdıcı zərbələr vurur. Əfsus ki, Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüş zamanı vətənin igid oğlu özünü düşmən gülləsindən qoruya bilmir. 19 yaşın tamamında torpaq uğrunda şəhid olaraq əbədiyyətin ən yüksək, əlçatmaz, ünyetməz zirvəsinə ucalır. Beləcə, Azərbaycanın yurdsevər, mərd, qəhrəman oğlu haqq savaşında həlak olmaqla el-obaya şöhrət gətirir. Özündən sonra elə ad qoyur ki, vətənə sədaqət rəmzi olaraq onu heç bir qüvvə ürəklərdən silib apara bilməz.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü