Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir. APA-nın xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.
İllik məruzədə o da deyilir ki, bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi – texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.
"Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var"
“Cəmiyyətdə xüsusi narahatlıq doğuran həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır”. Bu barədə də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində deyilir.
Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz: “Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”.
“Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”
Məruzədə daha sonra bildirilir ki, aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir.
“Mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, Müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”, - deyə illik məruzədə vurğulanır.