Şəmsəddin Əliyev: “Hesab edirəm ki, bu ənənənin davam etdirilməsi gələcəkdə daha çox cinayətin açılmasına öz müsbət faydasını verəcək”
İctimai asayişin mühafizəsi, cinayətkarlığın profilaktikası, cinayət hadisələrinin qarşısının alınması və açılmasında ərazi polis orqanlarının veteranlar şuralarının üzvləri öz layiqli töhfələrini verirlər.
Məsələ ondadır ki, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi sahəsində ağsaqqal həmkarların rolu danılmazdır. Belə ki, gənc nəslin təlim-tərbiyəsində, milli ruhda formalaşmasında fəal iştirak edən polis veteranları cari ilin 3 ayında respublika üzrə təhsil müəssisələrində, həmçinin, əhali ilə 1200-dən artıq görüş keçiriblər.
Yerli polis şöbələrinin rəhbərliyi və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə keçirilən belə görüşlərdə yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah hallarının qarşısının alınması məqsədilə hüquqi mövzularda maarifləndirmə işləri aparılıb, dəyərli tövsiyələr verilib. Polis veteranlarının köməyi ilə neçə-neçə cinayət törətmiş şəxs tutularaq istintaqa verilib, baş verə biləcək hüquqazidd əməllərin qarşısı alınıb. Verilən məlumata görə, 2018-ci ilin 3 ayı ərzində polis veteranları 771 cinayətin açılmasında iştirak ediblər.
Ümumilikdə, neçə illərdir veteran polislərin bu sahədə olan təcrübəsindən, bilik və bacarıqlarından istifadə olunur. Bu minvalla, bir sıra cinayətlərin üstü vaxtında açılır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, veteran polislərin cinayətlərin açılmasında təcrübəsindən istifadə etmək çox doğru yanaşmadır: “Məsələ ondadır ki, bir sıra dünya ölkələrində veteran polislərin təcrübəsindən geniş istifadə olunur. Təcrübə göstərir ki, bunun çox müsbət effekti var. Bunun sayəsində çoxsaylı cinayətin üstü açılıb. Azərbaycanda da neçə illərdir bu təcrübədən istifadə olunur. Nəzərə almaq lazımdır ki, polis veteranları böyük ordudular. Cinayətkarlıqla mübarizədə böyük səriştələri, peşəkarlıqları var. Bu sahədə illərlə böyük təcrübə toplayıblar. Veteran polislər daxili işlər orqanlarından istefaya göndərildikdən sonra, təbii ki, bu qüvvədən istifadə etməməyin özü çox sədəlövhlük olardı. Ona görə də ölkədə qeydə alınan 26 min cinayətin müəyyən qisminin açılmasında polis veteranlarının rolu var. Hesab edirəm ki, polis veteranlarının bu işdə iştirakını bir az da artırmaq mümkün olacaq. Bu baxımdan düşünürəm ki, polis veteranlarının bu sahədə təcrübəsindən səmərəli şəkildə istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, hansı rayon polis veteranlarının təcrübəsindən daha çox istifadə edə bilirsə, həmin rayonda cinayətkarlıqla mübarizədə göstəricilər daha yaxşı səviyyədə olur. Azərbaycanda polis veteranlarının cinayətlərin açılmasında iştirak ənənəsindən istifadə olunması təqdirəlayiq haldır. Hesab edirəm ki, bu ənənənin davam etdirilməsi gələcəkdə daha çox cinayətin açılmasına öz müsbət faydasını verəcək”.
Vidadi ORDAHALLI