ATU-nun Ortopedik stomatologiya kafedrasında artıq ənənə halını alan növbəti tematik seminar keçirilib. Budəfəki toplantı “Frontal dişlərin estetik restavrasiyası”mövzusuna həsr olunub.
ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov çıxışında bu mövzunun təsadüfi olmadığını və daha fərqli hissəni əhatə etdiyini bildirib: “Xatırladığınız kimi, ötən dəfə estetik diş analizlərinə həsr olunmuş seminarımız baş tutmuşdu. Bu dəfə həmin mövzunun davamı olaraq Frontal dişlərin estetik restavrasiyasından danışmaq qərrına gəlmişik. Çünki bu mövzu həm stomatoloqlar, həm də xəstələr üçün çox maraqlı və aktual mövzulardandır”. N.Pənahov seminarın tələbələr üçün də faydalı olacağını qeyd edib.
Daha sonra doktor Vüqar Pənahov “Frontal dişlərin estetik restavrasiyası” mövzusunda ətraflı məruzə ilə çıxış edib. Bu sahə üzrə İtaliyada professor Vanininin məşhur kursunu bitirən V.Pənahov qeyd edib ki, ön bölgə dişlərinin konservativ müalicəsinə həm terapevtik, həm də ortopedik müalicələr daxildir: “Frontal dişlərin estetik restavrasiyası-dişin sağlam toxumasını maksimum dərəcədə qorumaqla defektin aradan qaldırılmasına nail olmaq deməkdir. Əslində, burada konservativlik bir qədər fərqli anlam daşıyır. Yəni bu zaman məqsədimiz təkcə dişdə olan kariyesi aradan qaldırmaq deyil, əsas yanaşmamız daha çox sağlam toxuma saxlamaqla estetikanı tam bərpasından ibarətdir”.
Vüqar Pənahov seminar iştirakçılarını ön bölgə dişlərinə konservativ yanaşmada düzgün müalicənin seçilməsi, bu zaman uyğun müalicə metodları ilə tanış edib. Toplantının sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb. Sonda kafedra müdiri, professor Nazim Pənahov tərəfindən məruzəçi dr. Vüqar Pənahova, həmçinin tədbirdə aktivlik nümayiş etdirən 3 tələbəyə sertifikatlar təqdim olunub.