Bradi öz əsrarəngiz təbiəti ilə yerləşdiyi Lerik rayonun çox kəndindən fərqlənir. Elə bil dağların ovcunda ilişib qalıb. Onun gözəl, qəribə mənzərələri var. Təmiz dağ havası, saf suyu can dərmanıdır. Kəklikli qayaları, güllü-çiçəkli dərələri, barlı-bəhərli çölləri ürək sevindirir.
Məqsədim bir qədər kəndin bulaqları haqqında danışmaqdır. Əvvəllər kəndin bulaqları şaqraq olub. Burada 15 bulaq çağlayıb. Babalar bu bulaqları müqəddəs bilib, onların abadlığını həmişə diqqət mərkəzində saxlayıb. Bu qayğını görən bulaqlar daha da gurlaşır, yayın qızmar günlərində belə diş göynədən, bumbuz suyu ilə Bradiyə yeni həyat gətirib. 20 il bundan əvvəl təkcə “Zardınahoni”, “ Nənəhoni”, “ Bırketəhoni”, “ Mirzəlihoni” və “ Zəkihoni” bulaqları böyük bir kəndin suya olan tələbatını tam ödəyibdir.
Hayıf ki, vaxtı ilə 15 dili nəğməli, şəffaf sulu bulağı olan Bradi kəndi hazırda su sırasından əziyyət çəkir. Əsas səbəb də bulaqların zəbt olmasıdır. Belə ki, ayrı-ayrı adamlar evlərinə yaxın olan bulaqları heç nəyə məhəl qoymadan çəpərə salıblar. Artıq qalanlar rezin borularla evlərə çəkilibdır. 20 nəfərin istifadə etdiyi bulaq indi bir nəfərin evinə axır. Çəpərə salınmış bir çox bulağın ətrafı lilli-palçıqlı olduğu, gözü tutulduğu üçün ona yaxın düşmək olmur.
Sərin suyu ilə yolçunu yoldan edən “ Mirzəlihoni” bulağı indi çox bərbad haldadır. Qonşular bir-birinin acığına bu dirilik çeşmənin gözünə elə daş basıblar ki, ulu keçmişdən yadigar olan bulaq sanki son anlarını yaşayır. Ətrafı olduqca acınacaqlı vəziyyətdədir. 15 il bundan əvvəl adı-sanı dillərdə gəzən “Zardınahoni” bulağı elə hala salınıb ki, hətta yeri belə bilinmir. Sözün qısası, kəndin 15 bulağından indi bir-ikisi gözə dəyir.
Çox ağır dərddir. Bulaqların halını görəndə bir daha başa düşürsən ki, dünyada nadanlıqdan böyük dəhşət yoxdur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü