Azərbaycanda fəaliyyət göstərdiyi 22 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların sağlam həyat tərzi keçirməsi naminə çalışan “Azercell Telekom” MMC Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir.
Yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün yaradılan və “Azercell”in dəstəyi ilə fəaliyyətini uğurla davam etdirən Uşaq Paralimpiya Komitəsi hazırda 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir. İdman növləri 9-a çatdırılan Uşaq Paralimpiya Komitəsində gənc paralimpiyaçılar indi cüdo, boccia, üzgüçülük, qolbol, masaüstü tennis, əlil arabasında rəqs, parataekvando, pauerliftinq və atletika kimi idman növləri ilə məşğul ola bilirlər. Gələcək paralimpiyaçı idmançıları yetişdirməklə yanaşı, komitə uşaqlara təhsil və müalicə sahəsində də köməklik göstərməkdədir. Belə ki, dayaq-hərəkət sistemi pozulmuş bir neçə uşaq inklüziv təhsil almaq üçün orta məktəbə göndərilib. Beynəlxalq turnirlərdə çoxsaylı qələbəyə imza atan paralimpiyaçılarımız IV Uşaq Paralimpiya İdman Oyunlarına da hazırlaşırlar. Komitə IV Uşaq Paralimpiya İdman Oyunlarını 2018-ci ilin noyabr-dekabr aylarında keçirməyi planlaşdırır. Məlumat üçün bildirək ki, 2014-cü ildən “Azercell” şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd - ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.