Lerik rayonunda dünyaya göz açmış, vətənin və xalqın sədaqətli övladı Amid Mərdan oğlu Seyfullayev özünü dərk edən gündən Azərbaycan torpaqlarının mənfur ermənilər tərəfindən işğalına heç cür dözə bilmirdi.
2010-cu ilin aprel ayında 18 yaşı tamam olur, Milli Ordu sıralarına yola düşür. “ N” saylı hərbi hissə tərkibində cəbhə bölgəsində - Goranboy rayonu, Tap-Qaraqoyunlu kəndində xidmətə başlayır. Vətəni düşməndən qorumaqla ona layiqli oğul olmaq ilk gündən Amidin həyat kredosuna çevrilir. Çox keçmir ki, kəşfiyyat bölüyünün cəsur əsgəri bir-birindən çətin, qeyri-bərabər döyüş əməliyyatlarında fərqlənir, düşməni yerində oturdur. Məhz buna görə də şücaəti, necə qəhrəmanlıqla vuruşduğu bütün əsgər dostlarına nümunə göstərilir.
Amid son döyüşdə vətənə, torpağa can borcunu şərəflə, ləyaqətlə ödəyir və özünün bitib-tükənməyən qəhrəmanlıq salnaməsini yaradır. Son nəfəsə qədər torpaqların azadlığı üçün ölüm-dirim savaşında öndə gedir. Dostları ilə düşmənin xeyli sayda canlı qüvvəsini məhv etsə də, özünü qoruya bilmir. Cəsur əsgərin düşmənin basdırdığı minaya düşməsilə bütöv Azərbaycanın daha bir etibarlı, sədaqətli oğlu müqəddəs şəhidlik zirvəsinə ucalır.
Həyatın cana gəldiyi bu aprel günü bütün el-oba Seyfullayevlər ailəsinə toplandı. Onlar vətən uğrunda canını qurban vermiş Amidə ad günü etdilər. Söhbət əsasında bildirildi ki, şəhidlik zirvəsinə ucalanlar ölmür. Odur ki, aylar illərə, qərinələr əsrlərə qovuşsa da, Amidin hünəri xalqın yaddaşından silinməz. Onun əməlləri Vətənin hər bir yeni nəsli üçün əsl örnək məktəbi olacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü