Rasif Bağırov: “İnsult risqini azaltmaq üçün müntəzəm idman lazımdır”
2017-ci ildə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı açıqlanıb. Hesabatda qeyd olunur ki, ötən il Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olub.
Hesabatda bildirilir ki, keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədilə nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb.
İnsultla bağlı müraciətlərin sayının artması barədə fikir bildirən həkim-ekspert Rasif Bağırov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Bunun səbəbi müxtəlifdir. Beyin damarında arterial təzyiqin yüksək, əsəb-sinir gərginliyinin həddindən artıq çox olması, istirahət rejiminin olmaması, qidanın normal şəkildə qəbul edilməməsi, ətraf mühitin təsiri kimi faktorlar damar divarında müəyyən dəyişikliklər yaradır. Arterial təzyiq düzgün tənzimlənməyəndə beyin damarında kəskin pozulma yaranır və nəticədə insult baş verir”.
Həmsöhbətimizin sözlərinə görə, beyin damarı patalogiyası müasir dövrün əsas xəstəliklərindən biridir. İnsan fiziki əməkdən çox zehni əməklə məşğul olursa, mütləq şəkildə istirahətə çox vaxt ayırmalıdır.
R.Bağırov insultdan qorunmaq üçün qidalanmaya diqqət etmənin vacib olduğunu bildirdi: “İnsult risqini azaltmaq üçün müntəzəm idman lazımdır. Piyada gəzmək lazımdır, daha çox meyvə tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur”.
Günel CƏLİLOVA