Seyid Camal Əzimbəyli: “Paytaxt ərazisində qəbir yerləri üçün standart qiymətin tətbiq olunması Bakı sakinlərinin mənafeyinə xidmət edir”
Paytaxt sakinlərinin rastlaşdığı problemlərdən biri də rəhmətə gedən yaxınını dəfn etmək üçün qəbiristanlıqlarda məzar yerinin tapılmaması və ya məzar yeri üçün rəhmətə gedən şəxsin ailəsindən yüksək qiymət tələb olunmasıdır.
Artıq Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu tətbiq olunur. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Bunu media nümayəndələrinə açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib. O qeyd edib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd əlhəd daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.
S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur.
Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün dövlət rüsumunun tətbiq olunması barədə fikir bildirən ilahiyyatçı Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Paytaxt ərazisində qəbir yerləri üçün standart qiymətin tətbiq olunması Bakı sakinlərinin mənafeyinə xidmət edir. Ancaq bu xidməti ciddiyə almayıb, kənarda bəzi şəxslərin rəhmətə gedən şəxsin yaxınlarından yer bölgüsünün daha yaxşı olması üçün 500-1000 manat pul tələb etməsi halı yaşanarsa, bu, insanların haqlı narazılığına səbəb olacaq”.
Həmsöhbətimiz hesab edir ki, qəbiristanlıqlarda məzar yerlərinin verilməsi qaydası sistemli şəkildə icra olunarsa, sakinlər bundan razı qalarlar: “Xatırladım ki, qonşu Türkiyədə belə məzar yerləri rəhmətə gedən şəxslərin yaxınlarına sistemli şəkildə verilir. Sakinlər də vəfat etmiş doğmalarını rahat şəkildə torpağa əmanər edirlər. Məzar üçün ailələrdən qeyd olunan məbləğin istənilməsi təqdirəlayiqdir”.
Günel CƏLİLOVA