Hikmət Əlizadə: “Bu qanun pozuntularına çox az hallarda olsa belə, bəzən rast gəlinir” “Ola bilsin ki, alimlər qoruqla yasaqlıq anlayışlarını bir az səhv salırlar, o səbəbdən bu məsələni hallandırırlar”
Azərbaycan ərazisində yerləşən və müvafiq qurumlar tərəfindən mühafizə edilən qoruq və yasaqlıqlara aid olan ərazilər yerli sakinlər tərəfindən də qayğı ilə əhatə edilməlidir. Lakin təəssüf ki, bəzən vətəndaşlar buna riayət etmək istəmirlər. Müxtəlif qoruq və yasaqlıqlarda elmi-tədqiqat işləri aparan bioloq-alimlər əksər hallarda şikayət edirlər ki, qoruq və yasaqlıqlar lazımi səviyyədə qorunmur.
Onlar bildirirlər ki, ekspedisiya zamanı rayonlara gedərkən bir sıra hallarda qoruq və yasaqlıqların örüş yeri kimi istifadə edildiyinin şahidi olurlar. Yəni bəzi vətəndaşlar bu ərazilərdən mal-qarasının otlaq yeri kimi yararlanırlar. Alimlər qeyd edirlər ki, bu da çox zaman təbiətdə olan bitkilərin məhv olmasına gətirib çıxarır. Alimlərin sözlərinə görə, mal-qara əraziyə daxil olarkən bitki örtüyünü məhv edir.
Qoruq və yasaqlıqlar necə mühafizə edilir? Doğrudanmı vətəndaşlar bu ərazilərdən mal-qarasının örüş yeri kimi istifadə edirlər?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qoruqlardan bu məqsədlə istifadə ümumiyyətlə qadağandır. Yasaqlıqlara gəlincə, H.Əlizadə bildirdi ki, burada mal-qaranın otarılması halları tam təbiidir: “Azərbaycan qanunvericiliyinə əsasən, qoruqlar, yasaqlıqlar, ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri xüsusi qanunla idarə olunur. Həmin qanuna əsasən, qoruqların ərazisində mal-qaranın otarılması, istənilən antropogen, fiziki təsir qadağandır. Burada yalnız elmi-tədqiqat işlərinə icazə verilir. Yasaqlıqların ərazisinin isə mülkiyyət hüququ Ekologiya və Təbii Sərvətlər Nazirliyində deyil. Yəni onun mülkiyyətçisi istənilən vətəndaş, bələdiyyə, dövlət qurumları və digər orqanlar ola bilər. Yasaqlıqda hansısa konkret təbiət obyekti mühafizə olunur və yaxud təbiət kompleksi qorunur. Yasaqlıqların ərazisində mal-qaranın otlaması tam təbii bir haldır. Bu, qanunvericiliklə qadağan olunmur. Lakin qoruğun ərazisində belə bir hallar olarsa, bu artıq qanun pozuntusudur. Bu qanun pozuntularına çox az hallarda da olsa belə, bəzən rast gəlinir. Gəlindikdə isə müvafiq tədbir görülür və həmin mal-qara sahibləri cərimə olunur. Yenə də deyirəm bu çox az hallarda baş verir. Ola bilsin ki, alimlər qoruqla yasaqlıq anlayışlarını bir az səhv salırlar, o səbəbdən bu məsələni hallandırırlar”.
İradə SARIYEVA