Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvləri rayon ərazisindəki 202 və 82 saylı tam orta məktəblərdə şagird və pedoqoji kollektivlə görüş keçirib.
Görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb.
Veteranlar Şurasının sədri Paşa Kərimov davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. P.Kərimov qeyd edib ki, narkomaniyanın qurbanına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşür. Onlar gələcəkdə başlarına gələcək müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
Erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunan Şura sədri gələcək ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd edib.
Tədbirdə dini radikalizmlə də bağlı məlumat verilib və dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı