Martın 30 və 31-də açıq dənizdə proqnozlaşdırılan hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə dənizdə fəaliyyət göstərən bütün struktur bölmələri məlumatlandırılıb. SOCAR-ın idarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.
Baki-xeber.com SOCAR-ın saytına istinadən xəbər verir ki, hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçinin sahilə çıxarılması üçün tədbirlər görülüb və yerinə yetirilib. Dəniz neft-qazçıxarma obyektlərində yalnız istehsalat zərurətinin tələb etdiyi qədər işçi saxlanıb.
Bununla yanaşı rəhbərlik tərəfindən bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya, dəniz özüllərinin istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyətin qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.
Bundan əlavə, mümkün fövqəladə vəziyyətə cavab olaraq, digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanması davam edir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.