Yadigar Məmmədli: “Telekanallarda surdo-tərcümə xidmətindən istifadə olunmalıdır”
Ölkəmizdə anadangəlmə danışma və eşitmə qabiliyyəti olmayan 8 mindən çox insan qeydiyyatdadır. "İnformasiya əldə etmək haqqında" Qanuna əsasən, ölkə vətəndaşlığını qəbul etmiş hər kəsin informasiya almaq hüququ var. Buna baxmayaraq, Azərbaycan televiziya kanallarının hazırladığı verilişlərdə bu tip əlilliyi olan insanlar nəzərə alınmır. Belə ki, Azərbaycanda fəaliyyət göstərən telekanallarda surdo- tərcümədən (jest dili) istifadə edilmir.
Milli Teleradio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov mediaya açıqlamasında bugünkü efirdə surdo-tərcümələrin olmadığını bildirib: “Bir neçə il əvvələ kimi "Lider” telekanalında surdo-tərcümələr verilirdi. Amma hazırda heç bir yerli telekanalda surdo-tərcümələr yoxdur. Amma olmalıdır. Xüsusilə də dövlət büdcəsindən maliyyələşən yayımçılar surdo-tərcüməni təmin etməlidirlər. Məsələn, İctimai Televiziyada olmalıdır. Təəssüf ki, yoxdur”.
T.Dadaşov telekanallar qarşısında surdo-tərcümə tələbi ilə çıxış etmədiklərini də qeyd edib: “MTRŞ tövsiyə xarakterli təkliflə çıxış edib. Surdo-tərcümələrin təmin edilmədiyi halda konkret sanksiyalar da yoxdur. Bütün hallarda, gərək yayımçılar tövsiyələrdən nəticə çıxarsın. Çünki bu həm də ictimai maraq kəsb edən məsələdir”.
Maraqlıdır, niyə telekanallarda surdo-tərcümələrə yer verilmir?
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə baş verən proseslərdən hər bir kəs məlumatlı olmalıdır: “Eyni zamanda, danışma və nitq qabiliyyəti olmayan insanlar da istənilən informasiya ilə təmin olunmalıdırlar. Fiziki cəhətdən qüsurlu olan insanların məlumatlandırılması üçün telekanallarda surdo-tərcümə xidmətindən istifadə olunmalıdır. Əsasən “Xəbərlər” proqramında ekranın bir hissəsindən qeyd olunan tərcümə xidməti üçün istifadə olunmalıdır. Bu məsələ mütəmadi olaraq gündəmə gətirilir. Ancaq nəticə istənilən səviyyədə deyil”.
Həmsöhbətimiz hesab edir ki, dövlət kanallarında surdo-tərcümə xidmətindən istifadə olunmalıdır: “Dövlət kanalında bu xidmətdən istifadsə olunarsa, özəl telekanallar da surdo-tərcümədən yararlanarlar”.
Y.Məmmədli onu da əlavə etdi ki, efirdə surdo-tərcümənin olması efir mədəniyyətinin göstəricilərindən biridir: “Bu məsələ ictimailəşməlidir ki, yaxın zamanlarda telekanallarda jest dilindən istifadə olunsun”.
Günel CƏLİLOVA