Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin nümayəndəsi, Udmurt Tarix, Dil və Ədəbiyyat İnstitutunun professoru Aleksey Arzamazov arasında görüş keçirilib.
Qeyd edək ki, rusiyalı alim Azərbaycan və Udmurtiya arasında elmi, humanitar əməkdaşlığı inkişaf etdirmək məqsədilə Bakıya rəsmi səfər edib.
Aleksey Arzamazov Udmurtiyadakı təxminən 15 min nəfərdən ibarət Azərbaycan icmasının böyük nüfuza malik olması barədə AMEA-nın vitse-prezidentinə məlumat verib. O bildirib ki, diasporamız tədbirlər təşkil edərək Azərbaycan mədəniyyəti və dəyərlərini aktiv şəkildə təbliğ edir. Arzamazovun sözlərinə görə, azərbaycanlı uşaqların ana dili, tarixi və mədəniyyəti öyrənmələri üçün artıq İjevskdə iki ildir ki, dərnək fəaliyyət göstərir.
O həmçinin qeyd edib ki, Rusiya ərazisi geniş olduğundan, Azərbaycanla əlaqələri praktikada olduğu kimi təkcə Moskva üzərindən deyil, həm də Rusiyanın regionları və respublikaları vasitəsilə qurmaq lazımdır.
"Rusiya çox böyükdür. Adətən bütün əlaqələr Moskva üzərindən həyata keçirilir. Bütövlükdə götürsək, bu elə də düzgün deyil, çünki ölkə böyükdür və bütün ərazisi boyu müxtəlif elmi, mədəni, humanitar mərkəzlər yerləşir. Regionlar səviyyəsində əməkdaşlıq etmək vacibdir" - deyə Aleksey Arzamazov bildirib.
İsa Həbibbəyli qonağın fikri ilə razılaşıb. O deyib ki, mehriban qonşu olan dövlətlər həm ümummulli, həm də regional olmaqla bütün səviyyələrdə əməkdaşlıq etməlidir.
Tərəflər qarşılıqlı şəkildə əməkdaşlığa hazır olduqlarını ifadə edib və gələcək birgə layihələri - elmi işçilərin təcrübə keçməsi, elmi məqalələrin, elmi-humanitar tədqiqat işlərinin tərcümə edilməsini müzakirə edib.
AMEA-nın vitse prezidenti və REA-nın Ural şöbəsinin Udmurt Tarix, Dil və Ədəbiyyat İnstitutunun rəsmisi növbəti addım kimi strukturlar arasında əməkdaşlığa dair Memorandum imzalamaq barədə razılığa gəlib.
Görüşün sonunda Aleksey Arzamanov Azərbaycana heyranlığını ifadə edib.
Rusiyalı alimin səfəri ölkənin ən əsas bayramlarından biri olan Novruzla eyni vaxta təsadüf edib. Onun sözlərinə görə, milli bayramlar ona qədim Azərbaycan mədəniyyətini anlamağa və ölkənin adət və ənənələrilə tanış olmaqda yardımçı olub.
Qeyd edək ki, Aleksey Arzamanov Bakıda artıq bir sıra görüşlər keçirib. Belə ki, o, Azərbaycan Yazıçılar İttifaqının (AYİ) sədri, xalq yazıçısı Anar, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Tarix Elmləri İnstitutunun direktoru Məryəm Seyidbəyli, Cənubi Azərbaycanın İrandakı nümayəndələri ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində görüşüb. Qonaq, həmçinin, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində olub.