Lerik rayonunun ən qədim tarixə, milli dəyərlərə malik kəndlərdən biri Siyovdur. Təqribən bu dağ kəndini rayon mərkəzindən 60 kilometr məsafə ayırır. Rayonda nümunə olan ziyalılari ilə bir vaxtlar ad qoymuşdu. Belə olan halda indi burada adi həyat sürməyə imkan yoxdur.
Hətta sovet vaxtı Siyova işləyən avtobus marşrutu da ləğv edilib. Yüzlərcə ziyalı yetişdirən kənd məktəbi artıq dağılır. 250-ə yaxın təsərrüfatı olan kəndin yolundan isə danışmağa dəyməz. Bəzən siyovluların həftələrlə işıqsız qaldığı günlər də olur. Qocaların ah-naləsi gündüz də, gecə də eşidilir. Sözün qısası, yerli rəhbərlərin biganəliyi ucbatından Siyov problemlər içində sıxılır...
Siyov camaatının qaz dərdi isə daha böyükdür. 5 ildir buraya qaz çəkilməsi haqqında vəd verilsə də, hansı sehrli cadudursa, verilən söz əməli işə keçmir. Yaxın qonşu Zəriküməco kənd camaatı “mavi” yanacaqdan ürəyincə istifadə edir. Elə bu kəndlə bərabər Siyova da qaz çəkilməli idi. Amma illərin keçməsinə baxmayaraq, kənddə qaz yoxdur. Heç siyovlular nə vaxtsa qazın olacağına da inanmır. Çünki belə sosial məsələlərin həllində onları çox aldadıblar.
Artıq meşələr tükəndiyi üçün siyovlular yandırmağa yanacaq tapmaqda çətinlik çəkir. Olan tək-tük cavan ağacları da qırmağa ürək etmirlər. Belə getsə, Azərbaycanın böyük bir kəndi yox ola bilər. Son illər problemlər üzündən kənddən gedənlər çoxdur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü