Eyyub Hüseynov: “Halal məhsulla halal olmayan mal eyni müəssisədə istehsal olunmamalıdır”
Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan bəzi kolbasa, sosis və digər məhsulların bir qismi, əslində, yalançı “Halal” sertifikatı ilə satılır.
Hətta bu günlərdə "Halal" sertifikatının təhlükəsizlik göstəricisi olmadığı da bildirildi. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli media nümayəndələrinə açıqlamasında qeyd edib ki, rəhbərlik etdiyi agentlik halal məhsullar üçün keyfiyyət sertifikatı verməyi planlaşdırmır: "Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur”. Sədr qeyd edib ki, laboratoriya şəraitində məhsullarda yalnız donuz əti və emulsiyasının olduğunu müəyyən etmək olar: "Lakin hər hansı məhsulun "halal" standartına aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu məsələ ilə maraqlanan vətəndaşlar dini strukturlardan məsləhət ala bilərlər".
Ekspertlər də halal sertifikatının təhlükəsizlik göstəricisi olmadığı qənaətindədirlər.
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, halal sertifikatı təhlükəsizlik göstəricisi sayılmır: “3 il öncə Dünya Halal Konqresində iştirak etmişəm. Məlum olub ki, bütün dünya xalqları halal malları ekoloji təmiz məhsul hesab edir. İllər boyu ölkədə “Halal” sertifikatlı saxta mallar əhaliyə satılıb. Bəzi qurumlar belə məhsullara “Halal” sertifikatı verib. Məsələn, Ukrayna və Braziliyadan gətirilən məhsulların üzərinə “Halal” sözü yazılıb. Məlumat üçün bildirim ki, “Halal” sertifikatı verən orqan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akreditasiya olunmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, “Halal” sertifikatı ilə Azərbaycanda çoxsaylı məhsul satılır: “Hər hansı bir məhsula “Halal” sertifikatını almaq üçün, təbii ki, əvvəllər rüşvət faktı var idi. İki il öncə Azad İstehlakçılar Birliyi məlum problemlə bağlı məsələ qaldırdı və bunun kollegiyanın iştirakı ilə verilməsinin vacibliyini qeyd etdi. Bu fikir dəstəkləndi”.
E.Hüseynov onu da vurğuladı ki, “Halal” sertifikatının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilməsinin tərəfdarıdır. “Halal” sertifikatının verilməsində primitiv yanaşma tək donuz ətinin qatılıb-qatılmaması ilə bağlı deyil, digər məsələlər də var: “Halal məhsulla halal olmayan mal eyni müəssisədə istehsal olunmamalıdır”.
Günel CƏLİLOVA