Vətən uğrunda canından keçən hər bir insan şəhiddir və əlçatmaz zirvə sahibidir. Tarixi torpağımız, dədə-baba yurdumuz olan Dağlıq Qarabağ uğrunda müharibə başlayanda torpağa ana deyib, onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zirvəsinə yüksələnlər isə heç zaman unudulmur.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü Azərbaycan polisinin də daim ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Qarabağda, eləcə də ölkəmizin digər guşələrində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlər başlayanda daxili işlər orqanlarının da əməkdaşları əllərində silah cəbhəyə yollanıblar. Onların arasında Elşən adlı polis əməkdaşı da var idi.
Elşən Mustafayev 1960-cı ildə Ağdaş rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı texnikumunda təhsilini davam etdirib. Daha sonra hərbi xidmətə yollanan Elşən Vətəninə qayıtdıqdan sonra Ağdaş Rayon Polis Şöbəsində işə qəbul olunub. Elşənin polisdə xidmətə başlamağı Vətənimizin üzərini qara buludların aldığı bir vaxta təsadüf edib. Vətənin minlərlə igid oğlu kimi o da torpaqlarımızın müdafiəsinə qalxıb, 1990-cı ildən vaxtaşırı Füzuli, Cəbrayıl, Kəlbəcər və digər bölgələrdə gedən qanlı vuruşmalarda iştirak edib. 1994-cü ilin aprelində Ağdaş RPŞ-nin bir neçə əməkdaşı Goranboy istiqamətində gedən döyüşlərlə əlaqədar həmin əraziyə ezam olunub. Düşmənin hücumunun qarşısı qətiyyətlə alınsa da, qələbə qurbansız ötüşməyib. Elşən bu döyüşlərdə şəhid olub. Elşən Mustafayevin adı əbədiləşdirilərək, doğulub boya -başa çatdığı Ağdaş rayonunun ən böyük küçələrindən birinə verilib. Evli idi, 2 övladı yadigar qalıb. Oğlu Elvin Mustafayev də atasının yolunu davam etdirir, özü də eyni vəzifədə. Elvin də cavandır, min arzu, min istəklə yaşayır. Amma ən böyük arzusu təcavüzkar düşmənin torpaqlarımızdan çıxarılması, Vətənimizin ərazi bütövlüyünün təmin edilməsidir.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı