Şahin Camalov: “Avtobuslara detektorların quraşdırılması texnologiyası xaricdə mövcuddur, dünyada tətbiq olunur”
Məlumatlara görə, avtobuslarda detektorlar quraşdırılacaq . Bu barədə “Trend”ə layihəyə yaxın mənbə bildirib. Həmin detektorlar sayəsində sürücülərin içkili olub-olmadığı müəyyənləşdiriləcək.
Mənbənin sözlərinə görə, bu qurğuları mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiq olunduğu istənilən ictimai nəqliyyat vasitəsində (avtobus, taksi və s.) istifadə etmək mümkündür: “Cihaz sürücülərin ayıqlıq vəziyyətinə nəzarət etməyə, eyni zamanda, siqaret tüstüsünü müəyyən etməyə imkan verəcək. Bu barədə məlumat avtomatik olaraq idarəetmə mərkəzinə göndəriləcək. Məlumatların ötürülməsi üçün GDM əlaqə kanallarından istifadə olunacaq".
İctimai nəqliyyata detektorun quraşdırılması barədə fikir bildirən “Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir texnologiya mövcuddur və dünyada tətbiq olunur: “Detektorun istifadəsi ilə bağlı nə məhdudiyyət ola bilər, nə də mənfi nəticə. Hesab edirəm ki, yol hərəkətinin təhlükəsizliyi baxımından görülən işlərə mütləq kompleks yanaşılmalıdır. Sadəcə, sürücünün gün ərzində alkoqol qəbul edib-etmədiyini öyrənməklə problem həll olunmayacaq. Bununla bağlı mütəmadi maarifləndirmə işi aparılmalıdır. İçkili vəziyyətdə avtomobilin idarə olunmamasının vacibliyini insan özü dərk etməlidir. Belə olarsa, sürücülər, xüsusilə də ictimai nəqliyyatı idarə edən sürücülər içkili vəziyyətdə sükan arxasına keçməzlər. İnzibati metodlar bəzi hallarda istənilən nəticəni vermir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qeyd olunan aparatın işləməməsi üçün sürücülər müəyyən vasitələrdən istifadə edəcəklər.
Ş.Camalovun fikrincə, istənilən halda, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər öz müsbət bəhrəsini verər.
Günel CƏLİLOVA