Vətənin bütövlüyü uğrunda canından keçmiş, şəhid və itkin düşmüş şəxslərin ailə üzvlərinə dövlətimizin rəhbərliyi, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün də daxili işlər orqanlarında xidmət edən şəhid və müharibədə itkin düşmüş şəxslərin ailə üzvləri hər cür qayğı ilə əhatə olunur, eyni zamanda özləri də nümunəvi xidmətləri ilə fərqlənirlər.
Həmsöhbət olduğum Vaqif Əliyev Laçın rayonunda doğulub. Hələ uşaq ikən təcavüzkar erməni hərbçilərinin doğma torpaqlarımıza hücumu nəticəsində doğma el-obalarından didərgin düşüblər. Vaqifin atası isə kənd özünümüdafiə dəstəsinin üzvü olub. Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşüb. Hələ uşaq yaşlarından Vaqifin aldığı bu ağır yaralar onu sarsıtsa da, o, başını dik tutmağı bacarıb. Vətənpərvər ruhda böyüyən gənc orta məktəbi bitirdikdən sonra yüksək nəticələrlə DİN-in Polis Akademiyasına daxil olub. 2012-ci ildən Mingəçevir Şəhər Polis Şöbəsinə sahə inspektoru vəzifəsində xidmətə başlayıb. Xidmətdə əldə etdiyi yüksək nəticələrlə müstəntiq, 2016-cı ildən isə baş təhqiqatçı vəzifəsinə təyin olunub.
Bu ilə də uğurla başlayıb. Cinayətkarlığa qarşı mübarizədə və qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiyinə, ictimai qaydanın , vətəndaşların qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının qorunması funksiyalarını layiqincə yerinə yetirdiyinə görə DİN-in “Fəxri fərman”ı ilə təltif olunub.
V.Əliyev öz nizam-intizamı, nümunəvi davranışı ilə sıralarımıza yeni gələn gənclərə nümunədir.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı