Adil Qeybulla: “Qızılyel prosesi uzun müddət davam etdikdə “fil xəstəliyi” inkişaf edir və nəticədə əmək qabiliyyəti pozulur”
Deyirlər "dərd varsa, dərmanı da var". Amma elə dərdlər də var ki, onların dərmanı yoxdur. Bəlkə də var, amma müasir elm hələ bu xəstəliklərin səbəbini və onların müalicə üsullarını tapa bilməyib. Bunlar insanların bədən orqanlarının böyüməsi, qeyri-adi vəziyyətə düşməsi ilə bağlıdır.
El arasında “fil xəstəliyi” adlanan xəstəlikdən əziyyət çəkənlərin sayı artır. Bu xəstəlik cinsindən və yaşından asılı olmayaraq, istənilən insanda rast gəlinə bilər. İnsanın istənilən orqanı hədsiz dərəcədə böyüdüyü üçün buna “fil xəstəliyi” deyilir
Təəssüf ki, bu xəstəliyə Azərbaycanda da az-az rast gəlinir.
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu xəstəliyə tibbdə limfastaz deyilir: “Aşağı ətrafda limfastaz olur, limfa durğunluğu yaranır və ayaq şişməyə başlayır. Xüsusilə də topuq hissələr o dərəcədə şişir ki, fil ayağını xatırladır. Əksər hallarda limfastaz ayaq və qollarda, bəzən cinsiyyət orqanlarında, süd vəzilərində, üz nahiyəsində inkişaf edə bilər.
Artıq çəkili şəxslərdə limfa drenaj sistemi pozulur. İnsanlar daha aktiv həyat keçirməlidirlər ki, bədənin hər hansı bir hissəsində şişkinlik əmələ gəlməsin”.
Həmsöhbətimizin sözlərinə görə, qeyd olunan xəstəliyin yaranmasına səbəb qızılyel yaraları ağırlaşdıran kəskin infeksion xəstəlikdir: “Qızılyel prosesi uzun müddət davam etdikdə “fil xəstəliyi” inkişaf edir və nəticədə əmək qabiliyyəti pozulur. Həmçinin, qalxanabənzər vəzin atrofiyası baş verir”.
A.Qeybulla bildirdi ki, limfastazın müalicəsi uzunmüddətlidir. Müalicə zamanı masaj, xüsusi pəhriz, idman hərəkətləri və ən əsası aktiv həyatın olması önəmlidir: “Ən əsası isə limfastazın inkişafına səbəb olan xəstəlik müalicə olunmalıdır” .
Günel CƏLİLOVA