İlqar Orucov: “Problemin həll olunması üçün bu sahə sxemləşdirilməlidir”
"Dövlət qulluğu ilə əlaqədar müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir neçə gün öncə keçirilən iclasda bildirib.
M.Abbaszadə qeyd edib ki, nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçiblər. Ümumilikdə isə, orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib: "Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə, DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq".
DİM sədri bildirib ki, qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edilib.
Məsələ ilə əlaqədar Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovla söhbət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlət qulluğunun birinci mərhələsindən keçən namizədin daha çox vəzifələr üzrə müsahibənin qeydiyyatından keçməsi düzgün deyil: “Əvvəllər hansısa dövlət qulluğuna imtahan verən namizəd hansısa nazirliyi və ya mərkəzi icra hakimiyyətini seçirdisə, yalnız həmin müəssisəsini qeyd edirdi. Bu sahəyə dəyişiklik olunandan sonra iddiaçılar üçün daha çox imkan yarandı. Namizəd tək yerli icra hakimiyyətini yox, bir neçə müəssisəni vəzifə olaraq seçə bilər. Bu imkanlar artıq narahatlıq doğurur. Narahatlığın yaranmasında müəyyən reallıqlar var. Çünki dövlət qulluğuna imtahan verib, müvafiq balı toplayandan sonra artıq iddiaçının imkanı yaranır ki, müxtəlif dövlət qulluğuna dair müsahibə mərhələsində iştirak etsin. Bu da süni şəkildə konkursun yaranmasına səbəb olur. Zənnimcə, bu düzgün deyil”.
Həmsöhbətimiz hesab edir ki, yalnız yaxın ixtisaslar üzrə dövlət qulluğuna imtahan vermək müvafiq ola bilər. Bir imtahan verməklə bütün mərhələlərdə iştirak etmək düzgün deyil. Problemin həll olunması üçün bu sahə sxemləşdirilməlidir.
Günel CƏLİLOVA