Hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, təhlükəsizliyin təmin edilməsi ilə bağlı təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan növbəti belə tədbir Göyçay RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli orta məktəbində keçirilib.
Görüşdə çıxış edən DYPB-nin əməkdaşı Aqil Zeynalov yollarda baş verən piyadavurmaların ciddi narahatlıq doğurduğunu və DİN-in rəhbərliyi tərəfindən respublika üzrə belə görüşlərin keçirilməsi barədə göstəriş verildiyini xatırladaraq, başlıca məqsədin insanları, xüsusən də şagirdləri maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaq olduğunu diqqətə çatdırıb. Baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin vacibliyini qeyd edən A.Zeynalov məktəblilərə piyadanın vəzifələri, küçə hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə geniş məlumat verib.
Tədbirdə qeyd edilib ki, hər bir məktəbli yol hərəkəti qaydaları ilə bağlı bu məsələləri diqqət mərkəzində saxlasa, evdə valideyn, məktəbdə müəllim onları maarifləndirsə uşaqlar daha çox ehtiyatla davranar və təhlükədən uzaq olar. Ümumiyyətlə, ibtidai sinif şagirdləri dərsə gedərkən və qayıdarkən valideyn nəzarətinin önəmli olduğu bildirilib. Piyadalar öz üzərinə düşən vəzifələri yerinə yetirmədikdə onların günahı üzündən ölümlə nəticələnən qəzaların da qaçınılmaz olduğu vurğulanıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı