Dünən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) IV Bakı-Malatya Orqan Transplantasiya Günləri Konfransı keçirilib.
Tədbiri ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev açaraq, konfransın önəmindən danışıb. O bildirib ki, Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi olaraq belə bir konfransın açılışını alqışlayır: “Bütün ölkələrdə olduğu kimi, Azərbaycan və Türkiyədə də universitet klinikaları orqan nəqlinin tətbiqində öndə gedir. Biz çox şadıq ki, belə uğurlu əməkdaşlıqlarımız var. Professor Sezai Yılmazın rəhbərliyi altında klinikamıza gələn bütün qonaqlara təşəkkür edir, konfransın işində onlara uğurlar diləyirəm”.
ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov konfransın Azərbaycan - Türkiyə dostluğu çərçivəsində baş tutduğunu deyib: “Bu tədbir artıq ənənə halını alıb. İlk konfransı 2015-ci ildə, klinikamız fəaliyyətə başlayanda keçirdik. Hər il fevral-mart ayları arasında bu konfransı təşkil edirik. Malatyanın Qara ciyər Nəqli İnstitutu ilə bizim çox geniş, hərtərəfli əlaqələrimiz var. Həm tədris, həm elm, həm də praktiki əlaqələr qurmuşuq. Azərbaycandan, xüsusilə Tibb Universitetindən təxminən 10-dan çox əməkdaşımız Qara ciyər Nəqli İnstitutunda olub, ixtisaslaşma keçib. 2012-ci ildən bizim İnönü Universiteti ilə əməkdaşlıq müqaviləmiz var. Bu əməkdaşlıq sayəsində əməkdaşlarımız həmin ali təhsil ocağında ixtisaslaşma keçir. Bizim elmi əlaqələrimiz də davam edir. Ortaq elmi tədqiqat işləri aparılır”.
Türkiyənin Malatya Universitetinin Qara ciyər Nəqli İnstitunun professoru Sezai Yılmaz Bakıda olmaqdan, ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu mövzuda konfransda iştirak etməkdən qürur duyduğunu deyib: “Burada qarşılıqlı fikir mübadiləsi aparacağıq. Qara ciyər transplantologiyası haqqında ətraflı danışıqlar gedəcək, qara ciyər nəqlinin problemlərini, həlli yollarını, bildiklərimizi danışıb, müzakirə edəcəyik. Ümid edirəm ki, bu hamımız üçün faydalı olacaq”.
Konfransda İnönü Universiteti Qara ciyər Transplantasiyası İnstitutunun dosenti Fatih Özdemir “Qara ciyər transplantasiyası”, ATU TCK-nın assistenti Ruslan Məmmədov “Qara ciyər transplantasiyası sonrası biliar fəsadlar, cərrahi aspektləri”,İnönü Universiteti Qara ciyər Transplantasiyası İnstitutunun professoru Cəmaləddin Aydın “Pediatrik Qara ciyər transplantologiyası”, İnönü Universiteti Qara ciyər Transplantasiyası İnstitutunun professoru Ramazan Kutlu “Qara ciyər transplantasiyası sonrası biliar fəsadlar, radioloji aspektləri”, İnönü Universiteti Qara ciyər Transplantasiyası İnstitutunun professoru Burak İşık “HCC Qara ciyər transplantasiyası” mövzusunda məruzələrlə çıxış edib.