İlqar Orucov: “Yerli icra hakimiyyəti başçılarının birinci və digər müavinlərinin dövlət qulluğu imtahanı vermədən birbaşa təyinatı ilə bağlı müvafiq qərar təqdirəlayiqdir”
Azərbaycanda yerli icra hakimiyyəti başçısının birinci müavini və müavininin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsi barədə tələb ləğv edilib. Bu, Nazirlər Kabinetinin "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Baş nazir Artur Rasizadə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib. Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.
Yerli icra hakimiyyəti başçısının birinci müavini və müavininin test imtahanında keçməməsi, onlara sərbəstliyin verilməsi bu sahəyə necə təsir edəcək?
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yerli icra hakimiyyəti başçılarının birinci və digər müavinlərinin dövlət qulluğu imtahanı vermədən birbaşa təyinatı ilə bağlı müvafiq qərar təqdirəlayiqdir: “Bəllidir ki, qeyd olunan vəzifələr siyasi xarakterlidir. Təbii ki, siyasi vəzifəyə təyinat sərbəst şəkildə olmalıdır. Bu şəxslər dövlətin yerlərdə siyasətini həyata keçirən qurumlarda birinci şəxsdən sonra ikinci, üçüncü şəxs sayılırlar. Bu baxımdan hesab edirəm ki, bu qərarın müsbət təsirləri ola bilər”.
Həmsöhbətimizin sözlərinə görə, yerli icra hakimiyyəti başçılarının müavinlərinin test imtahanından azad olunması düzgün qərardır. Onların yenidən imtahana hazırlaşması düzgün deyildi: “Zənnimcə, dövlətin siyasətini həyata keçirən qurumlarda bu cür istisnalar olduqca vacibdir”.
Günel CƏLİLOVA