Könül Nuriyeva: “İctimai nəqliyyat və ya muzeylərə girişdə turistlərə güzəştlərin tətbiq olunması ölkənin gəlirlərinin…” Bahadur Bilalov: “Turistləri ruhlandırmaq, onların diqqətini cəlb etmək üçün bu cür addımlar atılır”
Bakıda turistlər üçün ictimai nəqliyyatdan pulsuz, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb. Bu barədə Milli Turizm Təbliğat Bürosu məlumat yayıb.
Büronun yaydığı məlumatda qeyd olunur ki, "Baku Card" paytaxtımızı müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərdə maraq oyadacaq yeni bir məhsuldur. “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.
Qeyd edək ki, kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq.
Maraqlıdır, turistlər üçün ictimai nəqliyyat və muzeylərin pulsuz olması Azərbaycan turizm sektoruna necə təsir edəcək?
İqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ictimai nəqliyyat və ya muzeylərə girişin pulsuz olmasını öncədən turistlərə reklam vasitəsilə çatdırmaq lazımdır. Azərbaycanda bu kimi xidmətlərin ödənişsiz olması və heç bir haqqın tələb olunmaması ilə bağlı məlumat yayılmalıdır: “Bu kampaniya ilə ölkəyə daha çox turist cəlb edə bilərik. Ancaq inanmıram ki, turist xarici ölkəyə getməzdən öncə hansısa muzeyə girişin pullu-pulsuz olması ilə bağlı araşdırma aparsın. İctimai nəqliyyatın pulsuz olması isə turistlərin diqqətini cəlb edə bilər”.
Həmsöhbətimiz hesab edir ki, ictimai nəqliyyat və ya muzeylərə girişdə turistlərə güzəştlərin tətbiq olunması ölkənin gəlirlərinin müəyyən bir qismini itirməsinə səbəb olacaq: “Ancaq gəlirlə xərci müqayisə etsək, gəlirimizin daha çox olmasını görəcəyik. Onu da nəzərə almaq lazımdır ki, qeyd olunan xidmətlər yüksək haqq tutmur. Bu səbəbdən də turistlərə güzəşt etmək məqsədəuyğun haldır”.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bizimlə söhbətində qeyd etdi ki, turistləri ruhlandırmaq, onların diqqətini cəlb etmək üçün bu cür addımlar atılır: “Dünyada belə bir təcrübə var ki, turistlər üçün nələrsə pulsuzdur. O cümlədən, bizdə də həmin təcrübədən istifadə olunur. Hesab edirəm ki, bu addım ölkəyə gəlmək istəyən turistlərin marağını cəlb edəcək. Eyni zamanda, bu qərar turist sayının artmasına təsir göstərəcək”.
Həmsöhbətimiz hesab edir ki, ictimai nəqliyyat və muzeylərə girişin pulsuz olması ilə biz müəyyən dərəcədə nəsə itirəcəyiksə, digər tərəfdən isə qazanc əldə edəcəyik: “Nəzərə almaq lazımdır ki, turistlərin az bir qismi ictimai nəqliyyatdan istifadə edir. Turistlərin ölkəmizə səfəri zamanı digər sektorlardan əldə etdiyimiz gəlir qeyd olunan sahələrdən istifadənin pulsuz olmasını örtəcək. Bu səbəbdən də bu qərar turist sayına təsir göstərəcək”.
Günel CƏLİLOVA