Məlahət Mürşüdlü: “Peşə təhsilinin inkişafı istiqamətində xüsusi bir fondun yaradılması bu sahədə yaşanan maddi sıxıntıların aradan qaldırılmasına səbəb olacaq”
Azərbaycanda peşə təhsili ilə bağlı fond yaradılır. Bu, yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsində əks olunub. Qanun layihəsində Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəa da var. Bildirilir ki, fond gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını, peşə təhsili müəssisələri arasında ədalətli bölgünü təmin edən qurum olacaq.
Peşə təhsili ilə bağlı fond yaradılması bu sahənin inkişafına necə təsir edəcək? Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə təhsilin inkişafı ilə bağlı müxtəlif adlarda fəaliyyət göstərən fondlar var. Bilik və Kredit fondu sırf təhsilin inkişafı istiqamətində müəyyən aspektlər üzrə fəalliyyət göstərir: “Digər fondlar kimi peşə təhsili ilə bağlı fondun yaradılması vacibdir. Hazırkı iqtisadi vəziyyət belə bir fondun yaradılmasını zəruri edir. Bəllidir ki, peşə təhsilinin inkişafıl ilə bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi bir agentlik yaradılıb. Həmin qurumun peşə təhsilinin inkişafı üçün xüsusi proqramları var. Şagirdlərin icbari təhsildən sonra peşə təhsilinə yönləndirilməsi istiqamətində fəaliyyət göstərir”.
Həmsöhbətimiz hesab edir ki, peşə təhsilinin inkişafı istiqamətində ayrıca bir fondun yaradılması bu sahəyə maddi dəstək olacaq. Ancaq bu fondun haradan maliyyələşəcəyi hələ bəlli deyil. Qanun qəbul olunduqdan sonra bu məqamlar ictimaiyyətə açıqlanacaq.
M.Mürşüdlünün sözlərinə görə, peşə təhsili fondunun bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi rolu olacaq. Həmçinin, peşə təhsili məktəblərinin inkişaf etdirilməsində də fondun rolu əvəzsiz olacaq.
Günel CƏLİLOVA