DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində orta məktəblərin yuxarı sinif şagirləri ilə görüş keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin, rayon İcra Hakimiyyətinin əməkdaşları, pedaqoji heyət və KİV nümayəndələri iştirak ediblər.
Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat” mövzusunda çıxış edərək, əsrin bəlasına çevrilən narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib.
Narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaşın fəal rol oynamasının zəruriliyini bildirən polis rəisi bütün dünyada olduğu kimi, ölkəmizdə də narkomanlığa qarşı aparılan mübarizədən danışıb.
Sonra DİN BİTİ-nin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları, onların məruz qaldığı zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmaların qarşısının alınmasında DİO-nun rolu” mövzusunda çıxış edərək şagirdlərə təhsil ocaqlarında yaradılan şəraitdən, onların uğurlu gələcəklərində aldıqları təhsilin əhəmiyyətindən danışıb.
RİH başçısının 1–ci muavini Yusif Abidov çıxışında belə tədbirlərin zəruriliyini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildirib.
“Erkən nikahların zərərli fəsadları və qarşısının alınmasında cəmiyyətin rolu” mövzusunda çıxış edən qeydiyyat şöbəsinin aparıcı-mütəxəssisi İsa Əfəndiyev erkən nikahın gənclərin həyatında fəsadları barədə geniş məlumat verib.
Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları ölkəmizdə narkomanlığın, erkən nigahların və zorakılığın qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirildiyini və bu işdə ailənin, təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.
Tədbir narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxla yekunlaşıb.
Nizam HƏMİDOV polis leytenantı