Fatimə Hacıbəyli: “Sığınacağa yerləşdirilən kimsəsiz uşaqların nə səbəbdən küçədə qalması araşdırılmalıdır”
Yaşamağa yeri olmayan kimsəsiz uşaqlar üçün sığınacaq yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan şəxslər üçün Sosial Sığınacağın və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi yaradılıb.
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsinə əsasən, müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı uşaqlar (yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) qəbul edilirlər. Uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Müraciət daxil olduğu gündən sonrakı 3 gün ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi, qohumları haqqında məlumatların təmin edilməsi üçün müvafiq orqanlara sorğular göndərilir, habelə sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə səhiyyə idarə və müəssisələrinə müraciət edilir. Müvafiq sənədlərə baxıldıqdan sonra uşağın müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da, onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq, bu müddət 180 günədək uzadıla bilər.
Qeyd olunan müddət bitdikdən sonra uşağın sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, daimi yaşayış yeri ilə təmin olunması üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi üçün müvafiq işlər görülür.
"Vəfa" Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, küçə uşaqlarına dövlət dəstəyinin göstərilməsi lazımdır: “Baxımsız uşaqlar üçün sığınacaq verənlər sırasında vətəndaş cəmiyyətləri də var. Onlarla yanaşı, dövlət tərəfindən bu tipli sığınacaqların yaradılması sevindiricidir.
Bəzi uşaqlar ya valideyn məsuliyyətsizliyindən, ya da ki, hüquqlarının pozulması ucbatından küçələrə düşürlər. Uşaqlar bəzən onların həyatı üçün təhlükəli olan yerlərə atılır. O uşaqların xəsarət almaması üçün
onların sığınacağa verilməsi daha məsləhətdir”.
Həmsöhbətimiz hesab edir ki, yaşayış yeri olmayan kimsəsiz uşaqlar üçün sığınacağın yaradılması o uşaqlar üçün bir yuva sayılacaq: “Sığınacağa yerləşdirilən kimsəsiz uşaqların nə səbəbdən küçədə qalması araşdırılmalıdır. Həmçinin, uşağın yaşadığı sosial, psixoloji vəziyyət araşdırılmalıdır. Onların psixoloji durumunun yaxşılaşdırılması istiqamətində müəyyən işlər aparılacaq”.
Günel CƏLİLOVA