Eyyub Hüseynov: “Quru meyvələrin açıq şəkildə satışı ilə məşğul olanlar, qanunvericiliyin tələbinə uyğun olaraq, 400 manat civarında cərimələnə bilər”
Meyvə quruları il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən məhsullardandır. Hazırda ticarət şəbəkəsində müxtəlif çeşiddə, növdə və keyfiyyətdə quru meyvələr təklif olunur. Ancaq meyvə qurularının satışı sahəsində problemlər qeydə alınır. Meyvə qurularının açıq şəkildə satışının düzgün olmaması dəfələrlə bildirilsə də, vəziyyət olduğu kimi qalıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov media nümayəndələrinə açıqlamasında bildirib ki, meyvə qurusunun açıq satışı qadağandır. Sahibkarları buna görə cərimə gözləyir: “Meyvə quruları qablaşdırılmadan satışa çıxarılır, heç bir gigiyena qaydalarına riayət olunmur. Bazarlardakı quru meyvələrin əksəriyyəti normativ-texniki tələblər kobud şəkildə pozulmaqla alıcılara təklif olunur. Müvafiq qaydalara əsasən, qablaşdırılmayan məhsul açıq şəkildə satışa çıxarıla bilməz. Normativ-texniki sənədlərin tələblərinə əsasən, quru meyvələrin qablaşdırmasında istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, növü, çəkisi, istehsal tarixi, yararlılıq müddəti, enerji dəyəri və texniki sənədləşdirmənin nömrəsi barədə məlumatlar qeyd edilməlidir. Bu gün isə kustar üsulla qurudulan meyvə quruları də alıcıya təklif olunur”.
Məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan əmtəə bazarında satılan məhsullar qablaşdırılmalıdır. Həmin məhsulun üzərində istehsal tarixi, son istifadə müddəti qeyd olunmalıdır. Həmçinin, istehsalçının adı və ünvanı qeyd olunmalıdır: “Çox təəssüflər olsun ki, quru meyvələr satılan yerlərdə Nazirlər Kabinetinin məlum qərarı icra olunmur. Əksər hallarda istehsalçılara vaxtı ötmüş quru meyvələr satılır. O məhsullara diqqətlə fikir verilsə, onların tərkibinin artıq kifləndiyini və xırda qurdlarla zəngin olduğunu müşahidə etmək olar. Bu işlərlə məşğul olan qurumlar problemə, demək olar ki, biganəlik nümayiş etdirirlər. Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir”.
Həmsöhbətimiz onu da bildirdi ki, qərara əməl etməyib, quru meyvələrin açıq şəkildə satışı ilə məşğul olanlar, qanunvericiliyin tələbinə uyğun olaraq, 400 manat civarında cərimələnə bilər.
Günel CƏLİLOVA