Sabunçu Rayon Polis İdarəsinin təşkilatçılığı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş və devizi “Seçimimiz sağlam həyatdır” başlıqlı növbəti tədbir Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində baş tutub.
Məktəbin direktoru Gülnarə Abdullayeva bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, bu gün gənclərimizi “ağ ölüm”ün pəncəsindən almaq, ona düçar olanları sağlam həyata qaytarmaq üçün hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov ölkəmizin qazandığı iqtisadi və siyasi uğurların əldə olunmasında gənclərin də rolunu xüsusi qiymətləndirib.
RPİ-nin rəis müavini, polis polkovniki Şaiq Əliyev gələcəyimiz olan uşaqları narkotacirlərin toruna düşməməyi tövsiyə edib. Bildirib ki, ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan, xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır.
Təhsil Nazirliyinin nümayəndəsi Həbib Kərimov narkotizmlə və narkobizneslə mübarizədə, hər şeydən öncə, ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əminamanlığının mühafizəsi zərurətindən irəli gəldiyini bildirib. Tədbirin sonunda qonaqlar şagirdlərin hazırladığı “Lalənin arzusu” çizgi filminə və rəsm əsərlərinə baxıb.
Hafiz TƏMİROV DİN Mətbuat Xidmətinin əməkdaşı