Polis veteranlarının təşkilatlanması, bilik və bacarıqları, peşəkarlıqları təmsil olunduqları ərazi polis orqanlarının və nizami hissələrin gündəlik işində və yaşadıqları bölgələrin ictimai həyatında öz müsbət təsirini göstərməkdədir. Ölkəmizin bütün bölgələrində polis veteranları cinayətkarlıqla mübarizədə, asayişin, əminamanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında öz bilik və təcrübələrini əsirgəmir.
Uzun illər cinayətkarlıqla mübarizə cəbhəsində "döyüşən", bu işlərin ağırlığını çiyinlərində daşıyan polis veteranları mütəmadi olaraq gənclər və yeniyetmələrlə görüşür, tərbiyəvi və profilaktik söhbətlər, hüquqi maarifləndirmə işləri aparır, təcrübələrini bölüşür, onları maraqlandıran suallara aydınlıq gətirirlər.
Saatlı RPŞ Veteranlar Şurasının üzvləri rayon ərazisində ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmini və cinayətkarlığa qarşı mübarizədə cari ilin 10 ayı ərzində rayonda qeydə alınan 65 cinayətin açılmasında iştirak edib. Bundan əlavə, onlar cinayətkarlıqla mübarizənin gücləndirilməsi məqsədilə əvvəllər məhkum olunmuş şəxslər və münaqişəli ailələrlə profilaktik mövzuda söhbətlər aparıblar.
Şöbə rəhbərliyinin təşəbbüsü əsasında tərtib olunan plana əsasən, rayondakı 55 orta məktəbdə şagirdlərlə və müəllim kollektivi ilə görüşlər keçirilib. Şöbə rəisi, polis polkovniki Cəbrayıl Vəliyevin iştirakı ilə kənd və qəsəbələrdə ictimaiyyətlə, orta təhsil müəssisələrində şagirdlərlə və müəllim kollektivi ilə görüşlər zamanı hazırda cəmiyyətimizi narahat edən ən mühüm problemlər olaraq “Ağ ölüm əsrin bəlasıdır”, “Erkən nigahların yaratdığı hüquqi məsuliyyət”, “Dövlət bayrağımız və hərbi vətənpərvərlik”, “Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması diqqət mərkəzindədir” və digər mövzularda hüquqi maarifləndirmə tədbirləri dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xəyalə MƏMMƏDOVA DİN Mətbuat Xidmətinin əməkdaşı