Oktyabrın 20-dən noyabrın 2-dək Rusiya Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərindəki “SMENA” Ümumrusiya Uşaq Mərkəzində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və evsahibliyi edən ölkənin 27 regionunun nümayəndə heyətlərinin qatıldığı dövlətlərarası 12-ci “Gənc Yol Hərəkəti İnspektoru” toplantısı keçirilib.
Bu toplantıda ölkəmizi “Yol Polisinin Gənc Köməkçisi Dəstəsi”nin üzvləri - 245 nömrəli orta məktəbin şagirdləri Ləyaqət Cəbiyev, Andrey Fəxrəddinov, Hacıbala Zəhra Ramiz qızı və Qalina Siryayeva təmsil ediblər.
“Gənc Yol Hərəkəti İnspektor”ları yol hərəkəti qaydalarına aid sualları cavablandırıb, yol hərəkəti təhlükəsizliyinin mənimsənilməsinə həsr edilmiş oyunlarda iştirak edib, rəqs və teatral bacarıqlara həsr olunmuş “Master klass”lara qatılaraq yol hərəkəti təhlükəsizliyinə aid tamaşalar təqdim ediblər.
"Açıq mikrofon" formatında Rusiya və digər iştirakçı ölkələrin Dövlət Yol Polisi əməkdaşları ilə keçirilmiş görüş zamanı uşaqlar yol hərəkəti təhlükəsizliyi sahəsində müzakirələr apararaq maraqlı sual və təkliflərlə cıxış edib, “Gənc Yol Hərəkəti İnspektor”unın fəaliyyəti ilə bağlı təcrübələrini də bölüşüblər.
Komandamız yarışda bütün rəqiblərinə qalib qələrək 1-ci yeri tutub.
Bundan əlavə, komandamızın üzvlərindən Ləyaqət Cəbiyev oğlan iştirakçıları arasında uğurla cıxış edərək “Mister GYH İnspektoru”, Hacıbala Zəhra Ramiz qızı isə qızlar arasında “Vitse Miss GYH İnspektoru” adına layiq görülüblər.
Yeri gəlmişkən, komandamızı DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystani və 245 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Məlahət Ağayeva müşayiət ediblər.
Hafiz Təmirov, polis mayoru