Bahadur Bilalov: “Bakı-Tiflis-Qars dəmir yolu turizm sektorunun inkişafına səbəb olacaq”
Azərbaycan daha bir beynəlxalq uğura imza atdı. Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ölkəmizin böyük layihələrin həyata keçirilməsinə qadir olduğunu bir daha təsdiqlədi. Bu layihənin əhəmiyyətli tərəfləri çoxdur. Onlardan biri də turizm sahəsinin inkişafı ilə bağlıdır.
Bakı-Tiflis-Qars dəmir yolunun açılışı zamanı Prezident İlham Əliyev əminliklə bildirib ki, adıçəkilən yolun istifadəyə verilməsi ilə turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq: “Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı üçün, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var”.
Ekspertlərin fikrincə, Baki-Tiflis-Qars dəmir yolu turizm sektorunun inkişaf etməsinə səbəb olacaq.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dəmir yolu nəqliyyatının turizmdə rolu böyükdür: “Məlumat üçün bildirim ki, dəmir yolu turizmi ilk dəfə 1841-ci ildə İngiltərədə başlayıb. Uzun müddət dəmir yolu turları turizmin əsas seqmentlərindən biri olub. Bakı-Tiflis-Qars dəmir yolunun açılması ona imkan verir ki, artıq İstanbul və digər Avropa ölkələrinə Azərbaycan vətəndaşları qatar vasitəsilə səfərə çıxsınlar. Eynilə əcnəbilər də xaricdən qatar vasitəsilə ölkəmizə gəlsinlər. Ölkə başçısı İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bu layihə turizmin inkişafına çox böyük təkan olacaq. Elə turistlər var ki, onlar qısa müddət ərzində təyyarə ilə səfər etməyi deyil, qatarla gəzməyi xoşlayırlar. Təyyarə ilə səfər edənlər heç bir mənzərə ilə tanış ola bilmirlər. Ancaq qatarla səyahətə çıxanlar yol boyu qatarın pəncərəsindən ətrafa tamaşa edirlər. Bu hal turistlərin çox sevdiyi cəhətlərdən biridir. Şəxsən mən sərnişin qatarının işə düşməsini gözləyirəm ki, onun vasitəsilə səyahətə çıxım. Sərnişin qatarı ilə səfər etmək insanlara ayrı bir zövq verir”.
Həmsöhbətimizin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu turizm sektorunun inkişafına səbəb olacaq.
Günel CƏLİLOVA