Ərşad Hüseynov: “Həmin sürücülərə şans verilir ki, ziyanı ödəsinlər, qarşı tərəflə barışıq həyata keçirsinlər”
Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub. Komitənin üzvü, deputat Rəfael Cəbrayılov media nümayəndələrinə açıqlamasında bildirib ki, Milli Məclis son plenar iclasında Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minəcək.
Məcəllədə 263.1-ci maddənin avtomobil qəzası nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsində isə ağır dərəcəli bədən xəsarətlərinin yetirilməsi ilə bağlı bəndlərin olduğunu deyən R.Cəbrayılov qeyd edib ki, maddəyə əlavə edilən qeydə görə, 263.1 və 263.1-1-ci maddələrinə əsasən cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir.
263.1 və 263.1-1-ci maddələr digər alternativ cəzalarla yanaşı, müvafiq olaraq 2 il və 3 il azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutur. Bu maddələrdə nəzərdə tutulmuş əməlləri törədən sürücülər məhkumluq kimi ağır hüquqi nəticələri olan vəziyyətdən xilas olmaq imkanı eldə edəcəklər.
Deputat bildirib ki, Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir: “Yəni bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməsi həm hüquqi, həm də mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir”.
Ekspertlərin fikrincə, avtomobil qəzası zamanı piyadaya hər hansı bir xəsarət yetirilərsə, sürücü cinayət məsuliyyətinə cəlb olunmamalıdır. Bəllidir ki, hadisə təsadüfən baş verir. Təsadüf nəticəsində baş verən yol- qəza hadisəsinə görə sürücünün məsuliyyətə cəlb olunması düzgün deyil. Təbii ki, sürücü törətdiyi hadisənin məsuliyyətini dərk edəcək. Qəsdən olmayan bir hadisəyə görə sürücünün həbs olunması düzgün sayılmır. Təsadüf nəticəsində avtomobil qəzasını edən şəxs yaralanan şəxsin ailəsinə müəyyən mənada dəstək ola bilər. Qəza nəticəsində xəsarət alan şəxsin doğmaları danışıq aparıb müəyyən razılıq əldə edə bilər.
Nəqliyyat sahəsi üzrə mütəxəssis Ərşad Hüseynov bizimlə söhbətində qeyd etdi ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə edilən dəyişiklik noyabrın 1-dən qüvvəyə minəcək: “Dəyişikliyə əsasən, sürücünün törətdiyi qəzadan sonra zərərçəkmiş dünyasını dəyişirsə, tərəflər barışsa belə, sürücü cinayət məsuliyyətinə cəlb ediləcək. Bu dəyişiklikləri birmənalı olaraq pisləmək düzgün deyil. Çünki təcrübədə məlumdur ki, bəzi insanlar primitiv səhvlər səbəbindən qəza törədirlər. Həmin sürücülərə şans verilir ki, ziyanı ödəsinlər, qarşı tərəflə barışıq həyata keçirsinlər.
Bəzən olur ki, avtomobili idarə edən şəxs qəza törətdikdə öz ailə üzvü, maşındakı sərnişin xəsarət alır. Bu zaman sürücü onsuz da buna görə mənəvi iztirab çəkəcək, sağlamlıq xərclərini də ödəyəcək. Belə hallarda sürücünün cinayət məsuliyyətindən azad olunması məqsədəuyğundur.
Sürücülər bundan sui-istifadə edib məsuliyyətsizliyə yol verməməlidirlər. Bəzi hallarda, sürücü cinayət məsuliyyətindən azad olunsa da, cəza olaraq avtomobilin idarə olunması məhdudlaşdırılmalıdır.
Günel CƏLİLOVA