Sabunçu Polis İdarəsi 74 saylı məktəbdə antinarkomaniya müzakirələri keçirdi... - FOTO

Qurbana çevrilməmək üçün...

img

Sabunçu RPİ-nin təşkilatçılığı ilə “Ağ ölüm”ün qurbanına çevrilməyin” adlı növbəti tədbir 74 nömrəli məktəbdə keçirildi. Əvvəlcə narkomaniyanın insan həyatına vurduğu zərərdən və narkotiklərin fəsadlarından bəhs edən videoçarx nümayiş olundu.

Məktəbin direktoru Əfqan Həsənov tədbiri açıq elan edərək rayon rəhbərliyi və polis idarəsi tərəfindən narkomaniya ilə mübarizəyə həsr olunmuş və mütəmadi olaraq keçirilən tədbirlərdən, görülən işlərdən danışdı.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev bildirdi ki,gələcəyi və gəncliyi düşünən hər kəs bu neqativ hala qarşı davamlı mübarizə aparır, lakin narkomaniya elə bir bəladır ki, onun qarşısını təkcə dövlət qurumlarının səyləri ilə almaq mümkün deyil. 

Narkomanlığın genefondumuza ağır zərbə vurduğunu deyən Bakı Şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Qalib Məmmədov bu bəlanın doğurduğu təhlükələri hərtərəfli qiymətləndirməyin və ona qarşı mübarizə tədbirlərinin əlaqələndirilmiş formada aparılmağının vacibliyinə diqqət çəkdi.

Sabunçu RPİ-nin rəisi, polis polkovniki Eldar İlyasov narkomaniya ilə mübarizə ilə bağlı ölkəmizdəki mübarizə tədbirlərindən söhbət açdı, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait yaradıldığını, yeni idman komplekslərinin, Olimpiya mərkəzlərinin tikilməsini narkomaniya ilə mübarizədə uğurlu bir vasitə olduğunu diqqətə çatdırdı. Dedi ki, gənclərimizin idmana, elmə, təhsilə olan həvəsini artırmaq üçün birlikdə əl-ələ verməli, gəncliyimizi və gələcəyimizi qorumalıyıq. 

Digər çıxış edənlər erkən nikahlar probleminə də toxundular, valideynlərə bu məsələdə ciddi olmağı, övladlarının gələcək taleyi barədə daha dərindən düşünməyi tövsiyə etdilər.

Sonra asayiş keşikçiləri tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Hafiz TƏMİROV
polis mayoru

Peşə etikası

Son xəbərlər