Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar üzrə isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir. Trend-in məlumatına görə, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Q.Yetirmişlinin sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib:
“Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. Bu, 50, 100, 500 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil".
“Xəzər nə qədər neft-qaz ehtiyatları ilə zəngindirsə, onun o qədər də potensial gücə malik zəlzələ ocaqları var. Abşeronun, Bakının zəlzələ ilə bağlı təhlükəsi də Xəzərdə mövcud olan zəlzələ ocaqlarından gözlənilir”. Bunu da Q.Yetirmişli deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin dibində seysmometrlərin quraşdırılması üçün aparatlar üç il əvvəl alınıb: "Lakin onlar bu günədək quraşdırılmayıb. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət olundu ki, bu məsələdə bizə yardımçı olsunlar. Çünki biz üç ilə yaxındır ki, dib seysmometrlərini almışıq, ancaq onlar indiyədək mərkəzin anbarında qalıb”.
Q.Yetirmişli bildirib ki, həmin seysmometrlər Xəzər dibinin seysmikliyini dəqiq öyrənməyə imkan verəcək: "Onlar, eyni zamanda, Xəzərdəki platformalarda, kommunikasiya xətlərində baş verə biləcək təhlükəni minimuma endirməyə yardım edəcək. Yataqlarda fəsadların əmələ gəlməsi, platformalarda olan çökmələr, yanma və s. – gələcəkdə bu riskləri minimuma endirmək məqsədilə stansiyalardan faydalanmaq mümkün olar. Onların quraşdırılmasının elmi baxımdan da çox böyük faydası olacaq”.