Nəsimi rayonundakı 164 saylı tam orta məktəbdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çixış edərək bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. “Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu”.
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladığına diqqət çəkən A.Əsgərov böyük siyasi təcrübəyə malik Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükənin sovuşduğunu, Azərbaycanın özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdiyini deyib.
Tədbir boyu qonaqlar 164 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, rəqslərə tamaşa edərək, mövzu ilə bağlı video çarxları izləyiblər.