Vüqar Tofiqli: “Bu gün bələdiyyələrin ictimai nüfuzunun aşağı olmasının səbəbi...”
Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir. Ölkəmizdə yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq.
Bununla bağlı “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna dəyişiklik ediləcək. Qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni - 21.4 bəndi əlavə olunacaq. Əlavəyə əsasən, yaşıllıq salınması məqsədilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunurlar.
Maddənin 12.3-cü (Yaşıllıqların uçotu, kadastrı və monitorinqi) bəndinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatlar ətraf mühitə dair informasiya almaq haqqında qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında toplanır və həmin orqanın rəsmi internet səhifəsində yerləşdiriləcək.
Təklif edilən dəyişikliyə əsasən, bu sahədə bələdiyyələrin səlahiyyətləri artırılır. Belə ki, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları toplayacaq.
Bəllidir ki, son zamanlar ölkədə bələdiyyələrin nüfuzu aşağı düşüb. Onlara yeni səlahiyyətin verilməsi bələdiyyələrin nüfuzunun artmasına səbəb ola bilərmi?
Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bələdiyyələrə yeni səlahiyyətin verilməsi müsbətdir: “Məlumat üçün bildirim ki, bələdiyyələrin statusunun artırılması hələ müzakirədədir. Ümid edirəm ki, “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna dəyişiklik edilən zaman onların statusunun artırılması təsdiq olunar. Və bələdiyyələr yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları toplayarlar”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bələdiyyələrə hansısa əlavə səlahiyyətin verilməsi bu strukturun inkişafına səbəb ola bilər. Ancaq onu da qeyd etmək lazımdır ki, bələdiyyələrə səlahiyyət verilən zaman onlara maliyyə vəsaiti də ayrılmalıdır: “Bəllidir ki, bu gün bələdiyyə büdcəsi olduqca zəifdir. Bələdiyyələrə maliyyə vəsaitinin ayrılması onların ictimai çəkisinə təsir edəcək. Büdcəyə əlavə vəsait daxil olarsa, bələdiyyələr öz ərazisində ciddi bir layihənin icrasına təkan verə bilər. Bu gün bələdiyyələrin ictimai nüfuzunun aşağı olmasının səbəbi onların büdcəsi ilə bağlıdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bələdiyyələrə əlavə statusun verilməsi onların balansında olan ərazinin abadlaşmasına səbəb olar. Ərazinin abadlaşması isə sakinləri rahatlığı deməkdir.
Günel CƏLİLOVA