Səadət Bənənyarlı: “...cəzanın azadlığın məhdudlaşdırılması ilə əvəz olunması...”
Xəbər verildiyi kimi, Azərbaycanda böhtana görə yeni cəza tətbiq edilməsi təklif olunur. Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi gözlənir. Təklifə əsasən, böhtana görə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Hazırda əmələ görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası var.
Məlumat üçün bildirək ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:
- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;
- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
Qeyd edək ki, layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Böhtana görə azadlığın 3 il məhdudlaşdırılması ilə bağlı fikir bildirən hüquq müdafiəçisi Səadət Bənanyarlı bizimlə söhbətində qeyd etdi ki, yeni cəzanın tətbiq olunması müsbət addım olar: “Böhtanla bağlı cəzanın azadlığın məhdudlaşdırılması ilə əvəz olunması sevindiricidir. Nəzərə almaq lazımdır ki, hazırda buna görə cəza 3 il müddətinə azadlıqdan məhrum etməkdir. Ümumiyyətlə, böhtana görə cəza elə olmalıdır ki, o şəxsin cəza müddəti bitəndən sonra o bu böhtandan qurtarmaqda çətinliklə üzləşməsin. Onun təmiz adının bərpası və psixoloji cəhətdən buna hazır olması üçün cəzanın azadlığın məhdudlaşdırılması ilə əvəz olunması yaxşı addım olar”.
Günel CƏLİLOVA