“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada ölkəmizdə elm və təhsilin informasiya təminatının gücləndirilməsi, infrastrukturunun müasirləşdirilməsi, bu sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi kimi mühüm vəzifələr müəyyən edilib.
Bu sahədə həyata keçirilən islahatlara dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri ilə yanaşı, respublikanın ali təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən istifadəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.
Bu yaxınlarda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin şəbəkə infrastrukturunun “AzScienceNet” elm-kompyuter şəbəkəsi vasitəsilə beynəlxalq “Eduroam” şəbəkəsinə qoşulması təmin olunub. Bunun nəticəsində universitetin əməkdaşlarına Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) “Eduroam” xidmətindən istifadə imkanı yaradılıb. Hazırda Tibb Universitetinin professor-müəllim heyəti və tələbələr Avropanın müxtəlif universitetlərinə və elm mərkəzlərinə ezamiyyətlər zamanı bu xidmətdən istifadə edirlər.
Qeyd edək ki, “Eduroam” alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edirlər.