Fatimə Hacıbəyli: “Doğulan uşaqlar arasında cinsi nisbətin pozulmasının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla yanaşı, QHT-lərin də üzərinə böyük iş düşür”
BMT Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cinsi nisbətin pozulmasından narahatlığını bildirib.
Fondun Azərbaycandakı Nümayəndəliyinin 11 oktyabr - Beynəlxalq Qız Övladları Günü ilə əlaqədar hazırladığı məlumatda qeyd edilir ki, cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzuolunmaz övlad olmasına səbəb olur: "Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzuolunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin keçdiyi yola nəzər salsaq, belə dinamika ilə Azərbaycan cəmiyyətinin qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə biləcəyi ehtimalı çox böyükdür".
Məlumatda o da bildirilir ki, bu problem BMT-nin Əhali Fondunu çox narahat edir. Bunu nəzərə alaraq Fond uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra layihələri həyata keçirir: "Belə ki, bu layihələr çərçivəsində ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişilər və atalar əhatə olunur. Bu layihələr Avropa İttifaqı və Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirilir. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edərək, layihələrə əhəmiyyətli dəstək verirlər".
Oğlan-qız nisbətinin pozulması problemi uzun iilərdir yaşanır. Problemin həll olunması istiqamətində müəyyən addımlar atılsa da, hələ ki, nəticə eyni olaraq qalır.
“Vəfa Sosial” İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, milli adət-ənənəyə uyğun olaraq oğlan uşaqlarına üstünlük verilir. Çünki Azərbaycanda oğlan nəslin davamçısı, "düşmən çəpəri" anlamında qəbul edilir: “Amma elə hallar da olur ki, bir qızın əldə etdiyi nailiyyəti əksər halda hər oğlan qazana bilmir. Bu da uzun illərdir psixoloji vəziyyətin yaranmasına gətirib çıxarıb. Məhz bu səbəbdən ailələrin psixologiyası dəyişməli, ailə dəyərləri təbliğ olunmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, oğlan-qız disbalansının pozulmasına səbəb selektiv abortlardır: "Son dövrlər bu problem çoxalıb ki, qadınlar dölün cinsini müəyyən etmək üçün müxətlif proseslərdən keçirlər. Əgər qız uşağıdırsa, aborta gedirlər. Bu da ona gətirib çıxarır ki, bu gün oğlan uşaqları daha çox doğulduğundan, demoqrafik balansın pozulması baş verir. Bu, adət-ənənələrdən irəli gələn şüur formasıdır. Yəni əksər ailə oğlan uşağının dünyaya gətirilməsində maraqlı olur. Ən əsas da regionlarda belədir. Müəyyən ailələrdə qadınlara arxa planda yanaşma var. Bu da ailələrin oğlan uşaqlarına marağını artırır".
F.Hacıbəyli onu da vurğuladı ki, problemin həll olunması istiqamətində aidiyyəti qurumlarla yanaşı, QHT-lərin də üzərinə böyük iş düşür: “Onlar daim ucqar ərazilərdə maarifləndirmə xarakterli tədbirlər keçirməlidirlər. Qadın hüquqları, qadının əməyə cəlb edilməsi, onun hansı peşələrə yiyələnməsi, qadının statusu haqqında cəmiyyət dərindən məlumatlandırılmalıdır. Digər tərəfdən, qadınların idarəçilik işində daha çox olması cəmiyyət şüurunda dəyişiklik edə bilər. Bu da qadınlar barədə olan stereotiplərin dağılmasına gətirib çıxaracaq”
Birlik sədrinin sözlərinə görə, ölkəmizdə qadın-kişi bərabərlyi mövcuddur. Azərbaycanda çoxlu qız uşağına malik elə ailələr var ki, onlar bunu özlərinə dərd etmirlər. Doğrudan da əsas məsələ oğlan, ya da qız övladın doğulması deyil, uşağın sağlam dünyaya gəlməsidir.
Günel CƏLİLOVA