Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında 9 ayın yekunlarına dair Şuranın geniş iclası keçirilib.
İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, bütün respublikada olduğu kimi, Nəsimi rayonunun iqtisadi və sosial həyatında da ciddi uğurlar əldə olunub.
Başçı deyib ki, Nəsimi rayonu ərazisində cari ilin 3-cü rübü ərzində keçirilən bir sıra tədbirlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Belə ki, sentyabrın 11-də Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bağça ilə tanış olan Mehriban Əliyeva tövsiyələr verərək müəssisənin işinə uğurlar arzulayıb.
Çıxışında rayonun makroiqtisadi göstəricilərinə toxunan başçı, xüsusilə informasiya və rabitə, xidmət sahələri üzrə 2017-ci ilin 9 ayı ərzində rayonda bir sıra nailiyyətlərin qazanıldığını bildirib. Natiq 9 ay ərzində Nəsimi rayonunda həyata keçirilən tədbirlər haqqında məlumat verərək qarşıda duran vəzifələrdən danışıb.
Hesabat iclasında, əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Şura iclasinda rayon MKTB-nin rəisi Elman Yəhyayev, 1 saylı İstilik sistemləri istismar sahəsinin rəisi İlham Bəşirov, “TAC-1” MMC-nin təsisçisi Əlihüseyn Eynullayev və digərləri cıxış edərək cari ilin 9 ayı ərzində rəhbərlik etdikləri kollektivlərin gördükləri işlərdən və qarşıda duran vəzifələrdən danişıb. Sonda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Hüseynova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.
Baki-xeber.com