Bahadur Bilalov: “Ölkəmizdə təxminən 550-yə yaxın otel var. Gecələmə mərkəzlərinin sayı isə 40 mindir”
Azərbaycan ildə 3,5 milyonadək turisti qəbul etmək potensialına malikdir. Bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, bu nəticələrə çatmaq üçün Azərbaycanın turizm sektoru inkişaf etməlidir: “Bizdə üçulduzlu mehmanxana təsərrüfatı yavaş inkişaf edir. Bu cür mehmanxanaların sayı artmalıdır. Azərbaycan enerji sektorunu fəal şəkildə inkişaf etdirdiyi üçün, ölkəyə enerji biznesi ilə bağlı şəxslər səfər edirdi. Bununla bağlı olaraq, Azərbaycanda beşulduzlu otellər tikilib”.
Ekspertlər də il ərzində Azərbaycanın 3,5 milyonadək turist qəbul etmək imkanının real olduğunu düşünür.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, il ərzində Azərbaycanın 3,5 milyon turist qəbul etmək potensialı normaldır: “Açıqlanan rəqəm ölçüsündə ölkəmizin turist qəbul etməsi normaldır. Çünki artıq Azərbaycanın çoxlu sayda turist qəbul etməsi üçün yetərli baza var. Ölkəmizdə təxminən 550-yə yaxın otel var. Gecələmə mərkəzlərinin sayı isə 40 mindir. O da aydın məsələdir ki, turistlərin sayı artdıqca, gecələmə mərkəzlərinin də sayı artacaq. Onu da deyim ki, bu gedişlə Azərbaycanı seçən turistlərin sayı daha da artacaq”.
Həmsöhbətimiz onu da bildirdi ki, bu il və ötən il istirahət üçün Gürcüstana səfər edən turistlərin sayı 5 milyondan artıq olub: “Əslində, Gürcüstanda qayda belədir ki, ora yollanan turistlərin sayı açıqlanmır. Sadəcə, dövlət sərhədini keçənlərin statistikası bildirilir”.
B.Bilalovun sözlərinə görə, xarici turistlər istirahət üçün təkcə paytaxt Bakıya deyil, bölgələrə də üz tutur: “Son zamanlar regionlarda yaradılan müvafiq şərait və infrastruktur turistlərin diqqətini daha çox cəlb edir. Daha çox bölgələrin özünəməxsus iqlimi və əhalinin isti münasibəti turist axınına səbəb olan amillərdir.
Turist sayının çox olması ilk növədə gəlirin artması deməkdir. Hər il bu sahədə artımın qeydə alınması Azərbaycanın turizm ölkəsi kimi tanınmasına şərait yaradır”.
Günel CƏLİLOVA