Məhəmməd Əsədullazadə: “Məşğulluğun artırılması, qadınların işə cəlb edilməsi və bu kimi sosial sahələrdə öz siyasətini davam etdirir”
Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları ABŞ Müdafiə Departamentinin Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Azərbaycanda məktəb tikintisini davam etdirir. Növbəti belə məktəb binası Abşeron rayonunun Masazır qəsəbəsində tikilib.
Sözügedən məktəb Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün inşa edilib. Səfir Robert Sekuta lenti kəsərək 350 şagirdlik məktəbin rəsmi açılışını edib. Məktəb uşaqları təhsil almaq üçün daha geniş, işıqlı və yaxşı havalandırılan sinif otaqları, müasir avadanlıq və sağlam şəraitlə təmin edir. Mərasimə, həmçinin, R.Sekutanın xanımı, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər şəxslər qatılıb.
Məlumat üçün qeyd ki, bu layihə Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi 16-cı məktəb layihəsidir. On yeddinci məktəbin gələn il Bərdə rayonunun Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ Səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilib. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla 22 humanitar yardım layihəsi üçün 5 milyon dollar ayırıb. Ümumilikdə 1992-ci ildən indiyədək Birləşmiş Ştatlar Azərbaycana 1 milyard 300 milyon dollar yardım göstərib. Bütövlükdə, ABŞ-ın sözügedən layihə çərçivəsində Azərbaycanda məktəb tikintisi həyata keçirməsinin nə kimi əhəmiyyəti var? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “ABŞ bir sıra ölkələrdə humanitar və digər sahələrdə layihələr icra edir. Bura səhiyyə, təhsil və tikinti sektoru da aiddir. ABŞ-ın Müdafiə Departamentinin Azərbaycanda məktəb tikintisinə maliyyə ayırması, 16 məktəb binası tikməsi bu ölkənin Azərbaycanda humanitar siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, ABŞ-ın bu siyasəti iki ölkə və xalq arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Ona görə də Birləşmiş Ştatlar çalışır ki, bu kimi layihələrlə dünyada özünə müsbət imic formalaşdırsın. Təbii ki, humanitar proqramlar müsbət haldır və Azərbaycana da şamil olunan bu sahə ölkəmizdə təhsilin inkişafında böyük əhəmiyyət daşıyır. ABŞ təkcə məktəb binası deyil, sosial sahələrdə də maliyyə dəstəyi həyata keçirir. Məşğulluğun artırılması, qadınların işə cəlb edilməsi və bu kimi sosial sahələrdə öz siyasətini davam etdirir. Qeyd edim ki, ABŞ Azərbaycana ciddi önəm verir. Cənubi Qafqaz regionunda Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır”.
Vidadi ORDAHALLI