Rasif Bağırov: “Bu günə kimi tibb işçilərinə edilən kobudluqla bağlı hüquq-mühafizə orqanlarına şikayət olunsa da, bu əməli törədənlərə hər hansı bir cəza verilməyib”
Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur. Qeyd edək ki, xəstə arxasınca gedən təcili tibbi yardım işçiləri dəfələrlə müxtəlif formalı təzyiqə məruz qalıblar. Ya onlar şiddətə məruz qalıb, ya da təhqir olunublar. Bu səbəbdən də tibb işçilərinin hüquqlarının qorunması məsələsinin parlamentdə müzakirəyə çıxarılması gözlənir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırmaq niyyətindədir. Deputat hesab edir ki, bir çox hallarda təcili tibbi yardım həkimlərini, tibb bacılarını döyür, təhqir edir, onlara xəsarət yetirirlər: “Əslində, təcili tibbi yardım işçilərinin statusu polis işçilərinin statusuna bərabərləşdirilməlidir. Polis işçisinə əl qaldırmaq, onu təhqir etmək, vəzifəsinin icrasına ziyan verəcək, əngəl törədəcək hərəkət etmək ağır cəza ilə cəzalandırılır, tibb işçilərinə qarşı da belə hərəkətlərə görə ağır cəza verilməlidir. Ağır xəstə olanda təcili yardım çağırırlar. Müəyyən hallarda təcili yardım ünvana yetişdikdə xəstə artıq dünyasını dəyişir. Bəzən təcili yardım özündən asılı olmayan səbəbdən ünvana gecikir. Bunların hamısının həllinin hüquqi, sivil yolu var”.
M.Quliyev hesab edir ki, tibb işçilərinin, xüsusilə təcili yardım işçilərinin evə çağırış zamanı təhqir olunması, peşələrinə əngəl törədilməsi, döyülməsi hallarının ciddi şəkildə cəzalandırılması ilə bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edilməlidir.
Tibb işçilərinin hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə dəyişikliyin təklif olunmasını ekspertlər də müsbət dəyərləndirir.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xəstə yaxınları təcili tibbi yardım həkimlərinə qaşı çox pis rəftar edirlər: “Elə mənim özüm təcili tibbi yardım sahəsində çalışdığım üçün dəfələrlə bu halın şahidi olmuşam. Əminliklə deyə bilərəm ki, həkimə qarşı kobudluq edənlər, əslində, xəstələrə ürəyi yanmır. Sadəcə onlar bilərəkdən, görüntü yaratmaq xatirinə tibb işçilərinə müxtəlif formada zorakılıq tətbiq edirlər. Biz həmin xəstə yaxınlarına deyirik ki, səhhəti ağırlaşan şəxs bir neçə ildir xəstədir, bəs siz niyə onu müalicə etdirməmisiniz? Bu vəziyyətdə onlar heç bir cavab vermirlər”.
R.Bağırovun sözlərinə görə, həkimlərə qarşı zorakılıq hallarının böyük əksəriyyəti insanların öz istədiyi davranış tərzi ilə bağlıdır: “Onu da deyim ki, bu günə kimi tibb işçilərinə edilən kobudluqla bağlı hüquq-mühafizə orqanlarına şikayət olunsa da, bu əməli törədənlərə hər hansı bir cəza verilməyib: “Bundan da ruhlanan əhali həkimlərə qarşı kobudluq etməkdə, demək olar ki, bəhsə girirlər. Xəstə yaxınları ən çox qadın həkimlərə qarşı kobudluq edirlər”. Bu səbəbdən də tibb işçilərinin hüquqlarının qorunması ilə bağlı səslənən təklif nəzərə alınmalıdır.
Günel CƏLİLOVA