İlqar Hüseynli: “İstər uşaq olsun, istərsə də böyüklər, yüksək səslə səslənən istənilən çağırış onların psixikasına mənfi təsir edir və sinir sisteminə toxunur”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib. M.Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.
O qeyd edib ki, buna nəzarət etmək lazımdır: “Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir-birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur".
M.Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.
Məscidlərdə səsgücləndiricilər vasitəsilə səslərin yüksək səsləndirilməsi ilə bağlı fikir bildirən sosial sahə üzrə ekpsert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, azan səsi eşidilsə yaxşıdır: “Azan müsəlmanların namaz vaxtına çağırış kimi başa düşülür. Bəzi hallarda məscidlərdə həddindən artıq yüksək səslə azan səslənir. Azanın maksimum dərəcədə güclü səslənməsi insanların rahatlığına təsir edir. Nəzərə almaq lazımdır ki, ölkə əhalisinin hər biri ibadətlə məşğul deyil. Həmçinin, istər uşaq olsun, istərsə də böyüklər, yüksək səslə səslənən istənilən çağırış onların psixikasına mənfi təsir edir. Bu hal onların sinir sisteminə toxunur. Bu səbəbdən də məscidlərdə səslənən azan bəlli bir hədd çərçivəsində səslənməlidir. Azan və ya mərsiyələr müəyyən bir ərazini əhatə edəcək dərəcədə eşidilməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, şəhərin mərkəzi hissələrində mövcud məscidlərin ətrafında yaşayış məskəni çoxdur: “Bu səbəbdən də məscidlərdə azan hər sosial qrupdan olan əhalinin psixikası nəzərə alınaraq yüksək səslə səsləndirilməməlidir”.
Günel CƏLİLOVA