Adil Qeybulla: “Göz qişası yalnız meyitdən deyil, beyin ölümü keçirmiş şəxslərdən də götürülüb istifadə oluna bilər”
Gələcəkdə gözün buynuz qışasının transplantları ölkəmizdən ola bilər. Bunu Milli Məclisin (MM) Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov komitənin ötən iclaslarının birində çıxış edərkən deyib. O qeyd edib ki, gözün buynuz qişası bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkündür.
Onun sözlərinə görə, Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı problemlər var idi: “Bu problemləri aradan qaldırmaq üçün gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Çox təəssüflər olsun ki, orqan transplantasiyası kifayət qədər geniş həyata keçirilmir. Azərbaycanda donor məsələsi bir daha müzakirə edilməli və qanuna yenidən baxılmalıdır. Azərbaycanda donorluq, demək olar ki, yox dərəcəsindədir”.
Məsələ ilə bağlı fikir bildirən professor, həkim-ekspert Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, gözün buynuz qişası bankının yaradılması vacibdir. Onun sözlərinə görə, ölkədə göz bankının yaradılması göz qişası ehtiyatlarının yaradılmasını təmin edəcək: "Göz qişası yalnız meyitdən deyil, beyin ölümü keçirmiş şəxslərdən də götürülüb istifadə oluna bilər".
Həmsöhbətimizin dediyinə görə, bu gün qüzeyli qişanın köçürülməsi əməliyyatları çox geniş yayılıb: “Bizim ölkədə də göz bankının yaradılması üçün imkan, şərait varsa, niyə bundan istifadə olunmasın?".
Ekspertin sözlərinə görə, hazırda Azərbaycan səhiyyəsində ən ciddi problem donor problemidir: "Müəyyən olunmalıdır ki, orqanlar meyitdən, beyin ölümü keçirmiş şəxslərdən, ya da hər ikisindən götürülsün. Beyin ölümü, klinik ölüm keçirmiş, sağalmaq perspektivi olmayan insanlardan da köçürülmə üçün orqanlar götürülə bilər. Tibbi komissiya bu əməliyyatın keçirilməsi üçün xüsusi rəy verir və onlardan orqanlar götürülür. Amma bunun götürülməsi şəxsin himayədarlarının razılığı ilə olmalıdır. Bu gün beyin ölümü keçirmiş şəxslərin yaxınları ehtiyacı olan şəxsə orqan köçürülməsinə razılıq vermir. Onlar başa düşmür ki, artıq doğması beyin ölümü keçirib. Bu problemin həlli üçün ölkədə maarifləndirmə işi aparılmalıdır”.
A.Qeybulla onu da dilə gətirdi ki, ölkədə əməliyyatların aparılmasına mütəxəssislər, bu cür əməliyyatların keçirilməsi üçün klinikalar da var: “Son zamanlar Avropa ölkələrində, Türkiyədə təhsil alıb Azərbaycana gələn xeyli mütəxəssis var. Onlar bu cür əməliyyatları yerinə yetirir. Ən əsası odur ki, lazım olduqda əməliyyatları aparmaq üçün orqan tapılsın".
Günel CƏLİLOVA