Ərşad Hüseynov: “Cərimələri ödəməyən sürücülərin aşkarlanması üçün operativ qərargah yaradılması bu sahədə yaşanan problemləri aradan qaldıracaq”
Xəbər verildiyi kimi, cərimələri ödəməyən sürücülərin aşkarlanması üçün operativ qərargah yaradılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin, qəzaların qarşısının alınması, barələrində tərtib olunmuş inzibati protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələrin sürücülər tərəfindən ödənilməsini təmin etmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də şəhər, rayon yol polisi şöbə və bölmələri tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bu istiqamətdə Yasamal Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən (DYPŞ) inzibati protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədilə operativ qərargah yaradılıb, belə hərəkət iştirakçılarına qarşı mütəmadi olaraq reydlər təşkil edilir: “Yasamal rayon DYPŞ əməkdaşları tərəfindən yanvar-avqust ayı ərazində 2334 sürücü cərimələri vaxtında ödəmədiyi üçün avtomobilləri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib”.
Qeyd edək ki, Yasamal rayonu ərazisində kobud qayda pozuntularına yol verən, cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Cərimələri vaxtında ödəməyən sürücülərin aşkar olunması istiqamətində xüsusi qərargahın yaradılması ekspertlər tərəfindən müsbət qarşılanır. Onların fikrincə, yaradılan qərargah sayəsində hər kəs cəriməni ödəyəcək.
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çoxlu sayda sürücü var ki, onlar barələrində tətbiq olumuş cəriməni ödəmək istəmir: “Belə bir qərargahın yaradılması bu sahədə yaşanan problemləri aradan qaldıracaq. Qərargah əməkdaşlarının işi tək cərimələri toplamaqdan ibarət deyil, buna səbəb olan amili axtarmaq lazımdır. Və hansı səbəbdən dolayı cərimənin vaxtında ödənilməməsi aşkar olunarsa, onun həlli istiqamətində müəyyən işlər görülməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, cərimələr barədə məlumat vaxtında sürücülərə çatdırılmalıdır. Cərimələrin vaxtında sürücülər tərəfindən ödənilməsi üçün ölkəmizdə mövcud olan bank, poçt və digər ödəniş sistemləri istiqamətində görülən işlər daha da artırılmalıdır.
Ekspert onu da bildirdi ki, gecikən cərimələrin bir səbəbi də sürücülərin bu işə etinadsız yanaşması ilə bağlıdır. Bu cür insanlar üçün belə bir qərargahın olması müsbət addımdır.
Günel CƏLİLOVA