Abbas Əliyev: “Fərqli qiymətə dərman satışı ilə rastlaşan istehlakçılar aidiyyəti qurumlara müraciət etməlidir”
Artıq neçə ildir bəzi dərman preparatlarının satış qiyməti dövlət tərəfindən tənzimlənir. "Dərman vasitələri haqqında" Qanuna əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır. İqtisadiyyat Nazirliyi mütəmadi olaraq apteklərdə dərmanların satış qiyməti ilə bağlı monitorinq keçirir.
Maraqlıdır, keçirilən reydlər zamanı qiyməti tənzimlənən preparatın fərqli qiymətə satıldığı aşkar olunsa, o zaman onlar necə cəzalandırılır?
Məsələ ilə bağlı fikir bildirən İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istehlakçılara öncədən müraciət olunur ki, bu kimi hallar baş verərsə, nazirliyə müraciət etsinlər: “Eyni zamanda, apteklərdə çalışan satıcılar da belə bir faktla rastlaşarsa, bizə müraciət edə bilərlər. İstehlakçılar dərmanların fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur .Edilən müraciət əsasında lazımi tədbirlər görüləcək”.
A.Əliyevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, dərman vasitələrini fərqli qiymətə satanlar qanunvericiliyə uyğun olaraq cəzalandırılır: “Belə ki, vəzifəli şəxslərə 1000-1500, hüquqi şəxslərə isə 3000-5000 manat dəyərində cərimə nəzərdə tutulur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, istehlakçıların maarifləndirilməsi məqsədilə mütəmadi olaraq açıq qapı günləri keçirilir. Həmçinin, müxtəlif formatda maarifləndirici konfranslar təşkil olunur.
Günel CƏLİLOVA